Misir Mərdanov: “Ali məktəblərdə dərsə davamiyyət bizi qane edən formadadır”

Misir Mərdanov: “Ali məktəblərdə dərsə davamiyyət bizi qane edən formadadır”
# 10 fevral 2007 09:39 (UTC +04:00)
“Ali məktəblərdə qış imtahan sessiyaları başa çatıb. Bununla bağlı Təhsil Nazirliyində ciddi təhlillər aparılır. Ümumiyyətlə, ali məktəblərdə dərsə davamiyyət bizi qane edən formadadır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, aparılan təhlillər kredit sisteminə keçirilən ali məktəblərdə bu sistemə keçidin nəticələri ilə də bağlıdır. M.Mərdanov ali məktəblərdə semestr imtahanlarında baş verən neqativ hallardan narahat olduqlarını, lakin həyata keçirilən tədbirlər nəticəsində qış semestr imtahanlarında yüksək nəticələr əldə etdiklərini bildirib: “Qış semestrində neqativ hallar daha az baş verib. Ali məktəb rəhbərləri hər bir neqativ hala qarşı tədbir görüb və bu işdə günahı olan müəllimləri cəzalandırıblar”. M.Mərdanov deyib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ötən illərdə nazirliyin ən çox narazı qaldığı ali məktəblər sırasında olsa da, indi bu təhsil ocağında vəziyyət düzəlib: “Türkiyədən həmin ali məktəbdə təhsil alan tələbələrlə çox ciddi problemlər var idi. Bu universitetə yeni rektor təyin olunandan sonra bütün neqativ hallara son qoyulub”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR