Allahşükür Paşazadəyə “İlin adamı” mükafatı təqdim edilib

Allahşükür Paşazadəyə “İlin adamı” mükafatı təqdim edilib
# 12 fevral 2007 16:36 (UTC +04:00)
Milli qəhrəman Çingiz Mustafayev adına Fondun və “ANŞ” Şirkətlər Qrupunun təsis etdiyi “İlin adamı” mükafatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, toplantıda çıxış edən ANS Şirkətlər Qrupunun həmtəsisçisi Mirşahin Ağayev bildirib ki, bu mükafat milli dirçəlişimiz sahəsində gördüyü işləri və vətənpərvərliyi ilə seçilən insana təqdim olunub. “Bütün bunlarla bərabər mükafatın təsisçiləri seçim edərkən həm də əsas mənəvi dəyərlərimiz olan İslami ənənələrin qorunub saxlanması kimi önəmli hesab olunan məqama diqqət verilib”. Sonra çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, bu mükafata iki dəfə Heydər Əliyev layiq görülüb və təsisçilər bu faktdan qürur hissi keçirirlər: “Münsiflər heyəti seçim zamanı yekdilliklə bu mükafatın Allahşükür Paşazadəyə verilməsi variantı üzərində dayanıblar. Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, xüsusən də dini liderlərin Moskvada ümumdünya sammitinin keçirilməsinə nail olması kimi xidmətləri və xeyriyyəçilik fəaliyyətlərinə görə bu ada Allahşükür Paşazadə layiq görülüb”. Sonra toplantıda A. Paşazadənin 2006-cı ildə fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub. Daha sonra tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bu mükafatın onun üçün əziz olduğunu deyib: “Dünyada çox mükafatları görmüşəm. Bu mükafat ona görə mənə əzizdir ki, bunu layiqli edən Heydər Əliyev olub. Media işçilərindən çox razıyam. Arzu edirəm Dağlıq Qarabağ tezliklə azad edilsin və Şuşa məscidində özüm dövlətçilikdə xidmətləri olan insanlara ödül verim”. Daha sonra Milli Qəhrəman Çingiz Mustafayevin oğlu mükafatı A. Paşazadəyə təqdim edib. QMİ sədrinə Çingiz Mustafayev Fondu tərəfindən 4 min AZN məbləğində pul mükafatı təqdim edilsə də, A. Paşazadə bundan imtina edərək, həmin vəsaitin Balakən rayonunun inqiloylar yaşayan Kiçik Tala kəndində məscidin bərpa olunmasına sərf edilməsini istəyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR