“Azərbaycan: Miqrasiya və Miqrantlar-2006” adlı hesabatın təqdimat mərasimi keçirilib

“Azərbaycan: Miqrasiya və Miqrantlar-2006” adlı hesabatın təqdimat mərasimi keçirilib
# 13 fevral 2007 11:30 (UTC +04:00)
“Miqrantlara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin “Azərbaycan: Miqrasiya və Miqrantlar-2006” adlı hesabatının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Əlövsət Əliyev hesabatda miqrasiya haqqında ümumiləşdirilmiş məlumatların əks olunduğunu bildirib. Ə. Əliyev bu gün dünyada 200 milyona yaxın insan miqrant həyatı yaşadığını qeyd edib: “Miqrantların qəbuluna görə dünyada birinci yeri ABŞ tutur. Bu ölkənin əhalisinin 37 milyonundan çoxunu miqrantlar təşkil edir. Azərbaycanda isə hər 8 nəfərdən biri ya qaçqın, ya da məcburi köçkündür”. O, 2 milyona yaxın Azərbaycanın vətəndaşının ölkədən kənarda yaşadığını bildirib: “Ölkə əhalisinin 1 milyon 500 mindən çoxu əməkçi miqrant kimi MDB ölkələri və Türkiyədə məskunlaşıb, 90 min həmvətənimiz isə siyasi sığınacaq üçün müxtəlif inkişaf etmiş ölkələrə mühacirət ediblər. Son 16 ildə təkcə Moskva şəhərində yaşayan azərbaycanlıların sayı 4,6 dəfə artıb. 2006-cı ildə isə Rusiyadan 5 mindən çox soydaşımız bu və ya digər formada çıxarılıb”.
Azərbaycanda 70 minə yaxın əcnəbinin yaşadığını vurğulayan Ə. Əliyev onlardan təxminən 30 mininin rəsmi, qalanlarının isə qeyri-rəsmi formada əmək fəaliyyəti ilə məşğul olduğunu deyib: “2006-cı ildə qaçqın statusu almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət etmiş 186 nəfərdən 8-nin müraciəti təmin olunub. Ümumiyyətlə, dünyanın 57 ölkəsindən Azərbaycana gələn 4828 nəfər əməkçi miqranta əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə verilib. Onlardan 574 nəfəri 2006-cı ilin payına düşüb. Hazırda Azərbaycanda 1820 nəfər vətəndaşlığı olmayan şəxs qeydiyyatdadır. Cəzaçəkmə müəssisələrində 400-dən çox miqrant cəza çəkir. 2006-cı ildə ölkə ərazisindən 110 nəfər miqrant deportasiya olunub”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya idarəsinin rəisi Rauf Tağıyev Miqrasiya ilə bağlı Dövlət Proqramının həyata keçirildiyini deyib. O, bu proqramın köməyi ilə miqrasiya ilə bağlı yaranan problemlərin öz həllini tapacağına ümidvar olduğunu da söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR