Piyada Həccə getmiş Şahid Qurbanov İranda ermənilərin hücumuna məruz qaldığını bildirib

Piyada Həccə getmiş Şahid Qurbanov İranda ermənilərin hücumuna məruz qaldığını bildirib
# 13 fevral 2007 12:13 (UTC +04:00)
2006-cı il sentyabrın 1-də Bakıda Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra piyada Məkkəyə yola düşən və 2007-ci il fevralın 5-də Azərbaycana dönən Qarabağ müharibəsi veteranı Şahid Qurbanov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ş. Qurbanov İran, Küveyt və Səudiyyə Ərəbistanı da daxil olmaqla, 4 min kilometr məsafəni piyada qət etdiyini, yolboyu müxtəlif çətinliklərlə qarşılaşdığını bildirib. O, İran ərazisindən keçərkən dəfələrlə vəhşi heyvanların, əsasən da canavar sürüsünün hücumuna məruz qaldığını deyib: “Altı dəfə ölümlə qarşılaşmışam, iki dəfə çıxılmaz vəziyyətdə qalıb özümə qəsd etmək istəmişəm. Amma hər dəfə Allahın köməyi ilə sağ qalmışam”. Səfər boyunca Azərbaycan bayrağını çiynində daşıdığını vurğulayan Ş. Qurbanovun sözlərinə görə, İranın cənubunda iki erməni motosikletlə arxadan ona hücum edərək bayrağı əlindən almaq istəyib: “Amma buna nail ola bilmədilər və aramızda dava düşdü. Sən demə, kənardan Təbriz avtobusu ilə azərbaycanlılar keçirmiş. Onlar Azərbaycan bayrağını görən kimi maşını saxlayıb köməyə gəldilər. Ermənilər isə qaçdı”. Keçdiyi hər yerdə Azərbaycanın təbliğatını apardığını söyləyən Ş. Qurbanov Xocalı faciəsinə həsr olunmuş 1800 kitabçanı Səudiyyə Ərəbistanında əhaliyə payladığını açıqlayıb. O bildirib ki, Məkkədə Kosovodan olan zəvvarların biri Xocalı faciəsini əks etdirən fotoşəkilləri Kosovoda baş verən faciə kimi qələmə verirmiş. Bununla bağlı böyük mübahisə yaranıb və Azərbaycandan olan digər zəvvarların köməkliyi ilə kosovoluların yalan danışdığı sübut olunub. Sonda Şahid Qurbanov daha bir arzusu olduğunu deyib: “Bakıdan Naxçıvana qədim Azərbaycan torpaqlarını indiki Ermənistan ərazisini keçməklə getmək istəyirəm. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR