Qardaşını oğurlamaqda ittiham olunan Bəhram Məmmədov və onun dəstə üzvlərinin məhkəməsi başlayıb

Qardaşını oğurlamaqda ittiham olunan Bəhram Məmmədov və onun dəstə üzvlərinin məhkəməsi başlayıb
# 13 fevral 2007 14:50 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə qardaşını oğurlamaqda ittiham olunan Bəhram Məmmədov və onun dəstə üzvlərinin məhkəməsi başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, B. Məmmədov mütəşəkkil dəstə yaradaraq silah qismində əşyalardan istifadə etməklə külli miqdarda əmlak əldə etmək məqsədilə qardaşı Məhərrəm Məmmədovu oğurlayıb pul tələb etmək qərarına gəlib. O, məqsədini həyata keçirmək üçün kürəkəni Tahir Hüseynov, oğlu Səid Məmmədov, onun dostları Orxan Paşayev və Anar Qafarovdan ibarət dəstə yaradıb. Onlar bir neçə gün əvvəldən izlədikləri M. Məmmədovu 2006-cı il iyulun 29-dan 30-na keçən gecə saat 1 radələrində Novxanı kəndi yaxınlığında su kanalının yaxınlığında gözləyiblər. M. Məmmədov gəldikdə onun idarə etdiyi “Mercedes” markalı maşınını saxladıblar. Sonra isə onun əl-ayağını bağlayaraq maşının yük yerinə qoyub Şüvəlanda yerləşən “Şimal DRESS” adlı yerə gətiriblər. M. Məmmədovu səhərə kimi saxlayıb ondan 1 milyon ABŞ dolları tələb ediblər. Zərərçəkmiş 200 min dollar verməyə razı olduqdan sonra onu azad ediblər.
Qeyd edək ki, B. Məmmədov, S. Məmmədov, T. Hüseynov, A. Qafarov və O.Paşayev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və ya digər ağır nəticələrə səbəb olmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.3.3-cü (hədə-qorxu ilə tələbetmə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda) maddələri ilə ittiham olunurlar. Məhkəmə prosesi fevralı 19-da davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR