Ukraynada adam öldürüb, iki il sonra Bakıda həbs edilən çempionun həbs müddəti uzadılıb

Ukraynada adam öldürüb, iki il sonra Bakıda həbs edilən çempionun həbs müddəti uzadılıb
# 08 iyul 2020 12:53 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə qətl törətdikdən iki il sonra Bakıda saxlanılan Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqan tərəfindən verilmiş təqdimata baxılıb.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Y. Həsənov barəsində seçilən həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Yasin Həsənov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. O 2018-ci il iyulun 3-də Kiyevdəki "Dolma" restoranında Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirib. Y. Həsənov Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olub.

2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyevdə odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Onu da qeyd edək ki, Y. Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub.

O, 90 kq çəki dərəcəsində 4 dəfə sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə ölkə çempionu və mükafatçısı olub. O, beynəlxalq nailiyyətlərə də imza atıb. Həsənov 2009-cu ildə həm cüdo üzrə Dünya Kubokunun, həm də sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı adını qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR