Təlim zamanı qəzaya uğrayan “Su-25” təyyarəsini Azərbaycan Gürcüstandan alıb

Təlim zamanı qəzaya uğrayan “Su-25” təyyarəsini Azərbaycan Gürcüstandan alıb
# 06 mart 2010 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan HQQ-nin ilk döyüş təyyarəsi də məhz “Su-25” olub. Bu təyyarəni Milli Qəhrəman, ilk pilot, leytenant Vaqif Qurbanov 1992-ci il aprelin 8-də keçmiş Sovet ordusunun Sitalçay aviabazasından qaçıraraq Qarabağ döyüşlərində istifadə edib. Yevlax hava limanında bazalaşdırılan bu təyyarə vasitəsilə azərbaycanlı pilot döyüşdə ermənilərin onlarla texnikasını, silah anbarını, 1 ədəd hərbi vertolyotunu, 1 ədəd “YaK-40” təyyarəsini məhv edib. V. Qurbanovun idarə etdiyi “Su-25” təyyarəsi 1992-ci il iyun ayının 13-də Dağlıq Qarabağ üzərində ermənilər tərəfindən vurulub. Pilot həlak olub.

İkinci “Su-25” təyyarəsi isə 1992-ci il oktyabrın 10-da Şuşa rayonunun Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.

Üçüncü “Su-25” isə 23 aprel 1994-cü ildə döyüşlərdə vurulub. Pilot katapult edərək sağ qalıb.

Azərbaycan Ordusu dördüncü “Su-25” təyyarəsini isə təlim zamanı itirib. Martın 3-də saat 17.00 radələrində Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı “Su-25” hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu Famil Elman oğlu Məmmədli qəza nəticəsində həlak olub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, qəzaya uğramış “Su-25” son illərdə alınıb. Təyyarə Gürcüstandakı Tiflis Aviasiya Zavodunda istehsal olunub. BMT-nin Silahlar Registrində Azərbaycanla bağlı hesabata görə isə, Azərbaycan son 8 ildə 14 ədəd “Su-25” təyyarəsi alıb. Hesabatda yer alan məlumatlarda bildirilir ki, 2002-ci ildə Gürcüstandan 6, 2005-ci ildə 6 ədəd “Su-25”, 1 ədəd “Su-25UB”, 2007-ci ildə isə Ukraynadan 1 ədəd “Su-25 YTG” təyyarəsi alınıb. Təyyarələrin satın alınma qiyməti açıqlanmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR