Bakıda I Milli Kulturoloqlar Forumu keçirilir

Bakıda I Milli Kulturoloqlar Forumu keçirilir
# 04 may 2007 10:18 (UTC +04:00)
Bu gün Muzey Mərkəzində I Milli Kulturoloqlar Forumunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, ilk dəfə olaraq həyata keçirilən forum Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşib. Forumda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda kurturologiya elminin inkişafına təkan vermək olduğunu deyib: “Sovet dövründə mədəniyyət və kurturologiya fəlsəfənin ayrılmaz hissəsi idi. O dövrdən qalmış elmi əsaslar bu günə kimi hökm sürməkdədir. Müstəqil Azərbaycanın müasir mədəni proseslərin təhlili, yeni elmi əsasların yaradılması və yeni baxış nöqtəsi müəyyənləşdirilməsi üçün kurturologiya inkişaf etdirilməlidir. Bu gün Azərbaycan mədəniyyətinin bütün sahələri inkişaf etməkdədir və bu sıraya kurturologiya elmi də daxil olunmalıdır”. Ə. Qarayev forumun gələn il beynəlxalq səviyyədə keçiriləcəyini vurğulayıb. Tarix elmləri doktoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycanda kurturologiya elminə uzun müddət önəm verilmədiyini bildirib: “Mədəniyyət Nazirliyi tərəfindən bu zamana kimi kulturologiyaya heç bir diqqət yetirilməyib. Ona görə də, bu gün nazirliyini təşəbbüsü ilə belə bir forumun keçirilməsi bizim üçün çox önəmlidir. Mədəniyyətimizin inkişafı və rifahı üçün kurturologiya elminin inkişaf etdirilməsi vacibdir. Çünki bu elm uğurlu idarəetmənin əsasını təşkil edir”. F. Məmmədov ölkəmizdə bu elmlə bağlı ilk sistemli kitabın 1990-cı ildə çap olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu günə qədər kurturologiya ilə bağlı 100-ə yaxın elmi kitab, 800 elmi məcmuələr nəşr etdirilib. F. Məmmədov İntellektual İnkişaf Problemləri Beynəlxalq Elmlər Akademiyasının, Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyasının və Kulturologiya İnstitutunun Azərbaycan kulturologiyasını yüksək qiymətləndirdiyini də deyib. Forumda AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi İnstitutunun direktoru Yusif Rüstəmov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Ələkbər Məmmədov, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Rusiya Akademiyasının elmi işlər üzrə kafedrasının müdir müavini Olqa Astafyeva və başqaları keçirilən tədbiri yüksək qiymətləndiriblər. Daha sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bakalvr, magistr və gənc alimlər arasında elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, forum mayın 5-də Turizm İnstitutunda davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR