Firəngiz Əlizadə: “76 yaşlı Arif Məlikovun Bəstəkarlar İttifaqının katibi belə olmaması onun üçün təhqirdir”

Firəngiz Əlizadə: “76 yaşlı Arif Məlikovun Bəstəkarlar İttifaqının katibi belə olmaması onun üçün təhqirdir”
# 02 iyul 2007 09:37 (UTC +04:00)
- Xəyyam Mirzəzadənin Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyündən imtinasının səbəbi nədir?
- Xəyyam Mirzəzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyündən çıxması ilə bağlı heç bir açıqlama vermədi. Ərizəsində üç sətir yazıb ki, “mən 1957-ci ildən Bəstəkarlar İttifaqının üzvü olmuşam, indi isə artıq məni üzv saymayın”. O, ərizəsini iyunun 21-də Bəstəkarlar İttifaqının yeni İdarə Heyətinin iclasında təqdim edib. Əgər onun əvvəldən belə fikrin var idisə, gəlib ərizəni verib gedəydi. Ancaq Xəyyam Mirzəzadə 25 dəqiqəyə yaxın çıxış etdi, dünyanı bir-birinə qarışdırdı. Bizim Nizamnamədə göstərilib ki, sədr seçildikdən sonra İdarə Heyətinin iclasında sədr katib postuna namizədlərini irəli sürür və açıq səsvermə ilə katiblər seçilir. Bizdə də bütün katiblər yekdilliklə seçildi. Səsvermədən əvvəl Xəyyam Mirzəzadə mənim heç kimi katibliyə namizəd kimi irəli sürə bilməyəcəyimi dedi. Onun fikrincə, mən namizədləri onlardan soruşmalıyam. Mən də bildirdim ki, nizamnaməmizdə belə göstərilib. Qurultayda bir bölməni dəyişdik və İdarə Heyətinin seçkisi onların istədiyi formada keçirildi. Artıq biz gələn qurultaya qədər nizamnamədə dəyişikliklər apara bilmərik. Bu nizamnaməyə görə belədir. O da dedi ki, “yox, siz katibləri seçə bilməzsiniz”. Mən də bildirdim ki, namizədlərimi verə bilərəm, səsvermə zamanı katibləri siz özünüz seçəcəksiniz. Biz üç katibimizi seçdik və hamı onları qəbul etdi. Sonra o, ərizəni gətirib stolun üstünə qoyub getdi.
- Sizcə, bu addımı atmağa onu nə məcbur edib?
- Ərizə onun cibində idi. Həmin ərizədə o qədər səhv edib ki... Mən Xəyyam Mirzəzadədən bunu gözləməzdim. İdarə Heyəti əvəzinə “Rəyasət Heyəti” yazıb. Bizim də qayda-qanunumuza görə ərizə təqdim olunan gündən bir ay müddətinə gözləyirik. Əgər iyulun 21-ə kimi ərizəni təqdim edən şəxs fikrini dəyişməzsə, o, üzvlükdən çıxarılacaq.
- Deməli, bu müddət ərzində fikrini dəyişərsə, Xəyyam Mirzəzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi qala bilər?
- Əlbəttə. Əgər iyulun 21-ə kimi desə ki, “həmin vaxt həyəcanlı və hirsli idim, bir işdir görmüşəm, ərizəmdən imtina edirəm”, buyursun gəlsin! Bu məsələyə formal yanaşacağıq. Xəyyam Mirzəzadəyə, o zaldan çıxandan sonra isə İdarə Heyətinin üzvlərinə bildirdim ki, Bəstəkarlar İttifaqının qapısı hər zaman onun üzünə açıqdır. Bütün bəstəkarlar Xəyyam Mirzəzadəyə qibtə edir. Elə bir şey yoxdur ki, o bu dövlətdən və ittifaqdan almasın. Başqa istedadlı insanlar da var. Ancaq onlar bu qədər mükafatlandırılmayıblar. Dəfələrlə dövlət mükafatı laureatı olub, bir filmə musiqi yazdığı üçün dövlət mükafatı alıb. İncəsənət xadimi, xalq artisti adına layiq görülüb, prezident təqaüdçüsüdür, prezident ona mənzil bağışlayıb. İki oğlu gözəl vəzifədə işləyir.
- Bütün bu sadaladıqlarınızdan sonra Xəyyam Mirzəzadə niyə aqressiv olmalıdır ki...
- Sözün düzü, onun aqressivliyinin səbəbini anlamıram. Ədalətsizliklə üzləşən insanların bu cür əsəbi olmasını anlamaq mümkündür. Xəyyam Mirzəzadənin niyə belə əsəbi olmasının səbəbini bilmirəm. Son bir il ərzində o, Bakı Musiqi Akademiyasından kafedra müdirliyi vəzifəsindən, professorluqdan imtina edib, daha sonra isə Attestasiya Komissiyasından da çıxıb. Ümumiyyətlə, işlədiyi bütün yerlərdə çıxdığı vaxt narazılığını bildirib. Mən onun hərəkətlərini dərk edə bilmirəm.
- Ümumiyyətlə, seçkilərdən əvvəl Xəyyam Mirzəzadə ilə hər hansı konfliktiniz olubmu?
- Onlar qurultay zamanı mənim əleyhimə çox danışdılar. Hətta mənim şəxsiyyətimə toxundular. Bizim ağsaqqallarımız utanmırlar, qadının şəxsiyyətinə toxunurlar, deyirlər ki, “o, haradan peyda oldu gəldi”. Bu necə sözlərdir? Mən respublikanın xalq artistiyəm, UNESCO-nun Kembric İnstitutunun medal və diplomunun laureatıyam, bütün dünyada tanınmış bəstəkaram, gəlib qurultayda oturmuşam, heç bir iddiam da yoxdur. Burada keçmiş katib kimi oturub yüksək səviyyədə qurultay təhvil verdim. Mən sentyabrdan Bakıda oturub o qurultayı hazırlayıram. Seçki günü isə dəhşət idi. Bunlar 18-20 dəfə mikrofona çıxdılar, bağıra-bağıra danışdılar və heç kimə söz deməyə imkan vermədilər. Gənc bəstəkarlardan gözləyirdik ki, musiqi və cərəyanlar, qurultayın proqramı haqqında danışacaqlar. Heç kimi danışmağa qoymadılar. Bunların bir azarı o idi ki, “ay aman, birdən Firəngiz Əlizadə sədr olar”.
- Sizcə, bu informasiya onlarda haradan idi?
- Bunu onlara kimin dediyini bilmirəm. Sözün düzü, küçədə gedəndə, ziyalılarımız, rəssamlarımız, yazıçılarımız mənim Bəstəkarlar İttifaqının başında durmağımı çox istədiklərini deyirdilər. Mən isə bildirirdim ki, biz demokratik ölkədə yaşayırıq və seçkilər səsvermə yolu ilə seçiləcək. Əgər mənim həmkarlarım istəsələr, məni seçəcəklər, istəməsələr, heç nə deyə bilərəm.
- Seçkilər zamanı baş verən narazılıqlara niyə münasibət bildirmədiniz?
- Hələ bir şey deməmişəm, düşmən mövqeyində çıxış edirlər. Mən orada heç nə demədim, çünki qurultayın işini pozmaq istəmədim. Düşündüm ki, onlara cavab versəm, vəziyyət daha da pis olar.
- Bu gün sizə qarşı çıxanlar qurultayın hazırlıq işləri ilə heç maraqlanıblarmı?
- Xeyr, heç biri maraqlanmadı. Bütün materialları mən, Ramiz Zöhrabov və Lalə Hüseynova birgə hazırladıq. Arif Məlikov özü qurultayın çox gözəl keçirildiyini dedi. Bəs yaxşı bu işi kim təşkil etdi? Qurultaya hazırlıq dövründə Arif Məlikov bir dəfə də olsun Bəstəkarlar İttifaqına gəlməyib. Biz onu simfonik seksiyanın başına qoyduq, ondan dəfələrlə xahiş etdik ki, gəlin bu seksiyanın işinə rəhbərlik etsin. Hansı simfonik əsərlər layiqdirsə, onları seçib qurultaya təqdim etsin. Bir dəfə də olsun gəlmədi. Hətta zəng edib, bura gələn bəstəkarları hədələyirdi. O biri bəstəkarlar da qurultayın işinə qatılmağa qorxurdular.
- Narazı bəstəkarlar iddia edirlər ki, sizin Bəstəkarlar İttifaqının sədri seçilməyiniz hakimiyyət dairələri ilə razılaşdırılmış addımdır...
- Hökumətin işi-gücü qurtarıb... Mən bura yeni operamın hazırlanması üçün gəlmişdim. Son dövr hadisələrdən bəhs edən opera yazmışam və həmin operanın məşqləri başlanırdı. Bu operaya Mstislav Rostropoviç dirijorluq etməli idi. Bizimkilər hər şeyə düşmən kimi yanaşırlar.
- Arif Məlikovla münasibətlərinizdə soyuqluq nə zamandan başlayıb?
- Mənim 32 yaşım olanda Bəstəkarlar İttifaqının qurultayı keçirildi. Həmin qurultayda katib postuna mənim namizədliyim irəli sürülmüşdü. Katib seçiləndə Arif Məlikov bütün həmkarlarımın yanında mənim üstümə bağırmışdı. O zaman onun yanında olan kişilərdən ibarət qrup məni müdafiə etmədi. Mən heç onlara kişi demirəm. Namizədliyim irəli sürülmüşdü, ona görə ki, mənim musiqim bütün dünyada tanınırdı. Heç zaman qruplaşmalara baş qoşmamışam, öz mövqeyim olub. O zaman Heydər Əliyevin, Qara Qarayevin qarşısında indiki gənclər kimi qorxmadım, çıxış etdim. Çıxışımda heç kimin şəxsiyyətinə toxunmadım. Qorxan insanlardan bəstəkar olmur, gərək hər bir şey haqqında müstəqil düşüncəyə sahib olasan. İndi isə Arif Məlikov gəncləri dəstəkləyir. Mən də gənc və istedadlı bəstəkar idim, bəs məni niyə dəstəkləmədi? Mənim tayfamda musiqiçi olmayıb. Mən hər şeyi alnımın təri və zəhmətimlə qazanmışam. Əgər Arif Məlikovun qızının üstünə elə bağırsaydılar, necə baxardı? Mən də həmin an heç bir şey etmədim. Keçib sakitcə Heydər Əliyev və Qara Qarayevin yanında oturdum. İndi isə Arif Məlikov deyir ki, “Firəngiz Əlizadənin yaşı keçib və o, Bəstəkarlar İttifaqını idarə edə bilməyəcək”. Qadını yaşı ilə təhqir etmək mədəniyyətsizliyin ən yüksək səviyyəsidir. Xaricdə olsaydım, onu məhkəməyə verərdim. Arif Məlikovun 76 yaşı var, ancaq bu vaxta kimi katib belə ola bilməyib. Bu, onun üçün təhqirdir.
- Bu vaxta kimi Arif Məlikovun rəhbərlik etdiyi bəstəkarlıq kafedrasına niyə dəvət olunmamısınız?
- Qorxularından dəvət etməyiblər. Onlar bilirlər ki, mən gənc bəstəkarlarla çox gözəl ünsiyyət quracağam, gənclərə yollar açacağam. Dünyanın bir çox ölkələrində dərs deyirəm, musiqilərim hər yerdə ifa olunur. Ancaq onlar məni bir dəfə də bəstəkarlıq kafedrasına dəvət etməyiblər. Sizcə, bu normal bir şeydir? Ancaq bir şey deyirlər Firəngiz Əlizadə 15 ildir Azərbaycandan kənarda yaşayır.
- Arif Məlikov seçkilərdən sonra keçirilən iclaslarda iştirak edibmi?
- Xeyr, heç bir iclasımızda iştirak etməyib. İdarə Heyətimizin iclasına nə Arif Məlikov gəldi, nə də tələbəsinə icazə verdi. Biz işləyirik, kim istəyir, gəlsin, kim istəyir, gəlməsin. İctimai təşkilatdır, heç kimi orada zorla tuta bilmərik.
- Sizin hansısa bəstəkarı ittifaqa üzvlükdən çıxarmaq ixtiyarınız varmı?
- Bizim çox şeylərə ixtiyarımız var. Ancaq onları etmək fikrində deyilik. Onları etsək, qan düşməni olarıq.
- Sizə qarşı narazılıqlar davam etsə, yenidən vətəni tərk etmək fikriniz varmı?
- Küsüb getmək hər şeydən asandır. Mən xarici ölkələrə restoranlarda çalıb-oxumağa getməmişdim ki... Xaricə getməyim üçün Opera və Balet Teatrının direktoru evimizə zəng vurdu, məndən rica etdi. Kim getməzdi? Elə Arif Məlikovun özünə belə dəvət gəlsə, qaça-qaça gedər.
- Sizə qarşı çıxanlara son sözünüz nədir?
- Atam peyğəmbər kimi insan olub və mən Qara Qarayevin tələbəsi olmuşam. İki o cür i kişidən tərbiyə almışam, mənə heç kim dəyə bilməz. Nə peşəmə, nə davranışıma, nə də şəxsi həyatıma kiminsə toxunmasına icazə vermərəm.
- Azərbaycan Bəstəkarlar İttifaqına üzv olmaqla bağlı ərizələr təqdim olunurmu?
- Bəli, artıq ərizələr var və biz seçim aparacağıq. Bəstəkarlıq kafedrasından fərqli olaraq bizə ərizə verənlər çoxdur.
- Bəstəkarlıq kafedrasına niyə ərizə vermirlər?
- Bəstəkarlıq kafedrasına ərizə verilməməsi biabırçılıqdır. Vaxtilə konservatoriyaya girəndə bir yerə üç nəfər namizəd olurdu, indi heç kim yoxdur. Həmin kafedraya Arif Məlikov rəhbərlik edir.
- Özfəaliyyətlə məşğul olan bəstəkarlara qarşı hansı addımlar atacaqsınız?
- Belə insanlara nə Bəstəkarlar İttifaqı, nə də başqa qurum qadağa qoya bilməz. Sadəcə, onlara nəzarət etmək lazımdır ki, daha mükəmməl yazmağa başlasınlar. Ancaq özfəaliyyətlə məşğul olan bəstəkarlar arasında da istedadlı şəxslərin olduğunu danmıram. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR