Aran RETSİ-in təmas xəttində yerləşən elektrik şəbəkəsində genişmiqyaslı yenidənqurma işləri aparılır

Aran RETSİ-in təmas xəttində yerləşən elektrik şəbəkəsində genişmiqyaslı yenidənqurma işləri aparılır
# 21 avqust 2020 17:21 (UTC +04:00)

Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) təmas xəttində yerləşən elektrik şəbəkəsində genişmiqyaslı yenidənqurma işləri aparılır.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, məqsəd təmas xəttində yaşayan sakinlərin və həmçinin məcburi köçkünlərin məskunlaşdığı kənd və yaşayış məntəqələrini daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.

Füzuli rayon elektrik şəbəkəsinin ərazisində yerləşən gücü 35/10 kV olan “Böyük Bəhmənli” yarımstansiyası gücü artırılaraq tamamilə yenidən qurulur. Bu yarımstansiya 20 minədək sakini o cümlədən məcburi köçkünlərin yaşadığı dörd kəndi, həmçinin Füzuli rayonunu içməli su ilə təmin edən nasos stansiyasını qidalandırır.

Beyləqan elektrik şəbəkənin ərazisində yerləşən 35/10 kV-luq “Dostluq” yarımstansiyası strateji əhəmiyyətə malikdir. Gücü artırılan yarımstansiya yenidən qurulur, avadanlıqları tamamilə yenilənib. Bu yarımstansiya hərbi hissələri, aeroportu, rayonu içməli su ilə təmin edən nasosları, artezian quyularını, qaçqın və məcburi köçkün şəhərciyini, eləcə də bir neçə iri sənaye müəssisəsini elektrik enerjisi ilə təmin edir.

Eləcə də təmas xəttində yerləşən Ağdam elektrik şəbəkəsinə aid 35/10 kV-luq “Xındırıstan” yarımstansiyasında da yenidənqurma işlərinə start verilib. 50 il öncə tikilən yarımstansiya 8 kənd və 1 qəsəbəni o cümlədən 220-dən çox artezian quyusunu, həmçinin hərbi hissəni dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edir. Ağdamın düşmənlə üz üzə dayanan və birbaşa təmas xəttində yerləşən Əhmədağalı və Çıraqlı kəndlərində də elektrik enerji sistemi tamamilə yenidən qurulur. Kəndlər yeni Hava veriliş xətləri, kabellərlə, transformator və yeni sayğaclarla təmin olunub. Ümumilikdə 2 500-dək kənd sakini bundan sonra daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR