Astara yük terminalından son iki ildə 700 min tona yaxın yük aşırılıb

Astara yük terminalından son iki ildə 700 min tona yaxın yük aşırılıb
# 10 fevral 2020 13:32 (UTC +04:00)

Astara yük terminalından 2018-2019-cu illərdə 700 min tona yaxın yük aşırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan “ADY Express” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ildə terminaldan, “ADY Express” tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub.

Məlumata əsasən, 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb.

“Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra, buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir. Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində, işlər həyata keçirilir”, - məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq, yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu. İki il öncə, tikintisinin birinci mərhələsi başa çatan, terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İrana ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı.

Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.

İnşaat işlərinə başlanandan, yəni 3 il ərzində mühüm işlər görülüb. Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib.

Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində inzibati bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci inzibati binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunur nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Görülən mühüm işlərə baxmayaraq, terminalın inşası davam etdirilir. Yaxın zamanlarda terminal daxili daha 4 xətt dəmir yolunun tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatları aparılan meydançaların sahəsi artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR