Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksinin hesablanması alqoritmi istifadəyə verilib

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksinin hesablanması alqoritmi istifadəyə verilib
# 02 sentyabr 2020 12:27 (UTC +04:00)

Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatlarının, o cümlədən informasiya təhlükəsizliyi insidentlərinin operativ idarə edilməsi məqsədi ilə tərəfimizdən yaradılan Resurs İdarəetmə Sisteminə dövlət qurumlarının kibertəhlükəsizlik və insidentlərə reaksiya indeksi hesablayan yeni alqoritm inteqrasiya edilib.

Bu barədə "APA-Economics"ə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) bildirilib.

Qeyd olunub ki, kibertəhlükəsizlik üzrə indeksi hesablayan alqoritm, dövlət qurumunda baş verən yoluxma, kənar müdaxilə, İP-lərin botnetə qoşulması, audit və boşluqların analizi nəticələrini ümumiləşdirərək qiymətləndirir və əldə etdiyi dəyəri həmin dövlət qurumunun informasiya resurslarının həcminə mütənasib olaraq indeksə çevirir. Dövlət qurumlarının reaksiya (ayıqlıq) indeksində isə qurumlar üzrə cavabdeh şəxslərin insidentlərə hansı müddətdə cavab verməsi hesablanaraq, həmin şəxslərin fəaliyyətinin effektivliyi qiymətləndirilir. Qurumların indekslər üzrə qiymətləri rüblük və ya illik əsasda toplanaraq dövlət qurumlarının həm reaksiya, həm də kibertəhlükəsizlik səviyyəsi üzrə müqayisəli reytinqi İnformasiya Təhlükəsizliyi jurnalında çap ediləcək.

"Sistemə inteqrasiya edilən yeni alqoritm eyni zamanda öz əməkdaşlarımızın da reaksiya indeksini ölçür. Bu isə bizə əməkdaşlarımızın qurumlardan gələn sorğulara operativ rekasiyasını ölçməyə, operativliyin, eləcə də iş keyfiyyətinin yüksəldilməsi üçün meyar kimi istifadə olunmasına imkan verəcək", - Mərkəzdən bildirilib.

Həmçinin qeyd olunub ki, sistemin tez-tez verilən suallar qismi ilə inteqrasiya olunan İnformasiya Təhlükəsizliyi üzrə Elektron Kitabxananın da interfeysi yenilənib və istifadə üçün sadələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR