Azərbaycanda nəqliyyat-ekspedisiya şirkətlərinə vergi təşviqləri veriləcək

Azərbaycanda nəqliyyat-ekspedisiya şirkətlərinə vergi təşviqləri veriləcək
# 29 aprel 2021 16:15 (UTC +04:00)

Azərbaycanda beynəlxalq yükdaşıma sahəsində nəqliyyat-ekspedisiya xidməti göstərən şirkətlərin fəaliyyətinə vergi təşviqlərinin verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Dövlət Vergi Xidməti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarda iştirak edən yerli şirkətlərlə onlayn formatda keçirilən görüş zamanı qeyd edilib.

Məlumata görə, ekspeditorların fəaliyyəti üzrə xidmətlərin ƏDV-yə sıfır dərəcəsi ilə cəlb edilməsi təklifi artıq cari il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə əlavə edilib.

Görüşdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıyan şirkətlərin qarşılaşdıqları əsas çətinliklər və Dövlət Vergi Xidmətinin nəzarət sahəsinə düşən məsələlər ətrafında müzakirələr aparılıb.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bu sahənin inkişafının dövlətin diqqət mərkəzində olduğunu qeyd edib, yükdaşımalar bazarında yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyini bildirib.

Tədbirdə avtomobil nəqliyyatı vasitələri ilə yükdaşıma zamanı vergilərlə bağlı yaranmış məsələlər, daşımalarda yerli şirkətlərin iştirak payının artırılması, yerli avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılması, TİR parklarının yenilənməsi və artırılması, nəqliyyat ekspedisiya xidmətlərinin inkişaf etdirilməsi sahəsində vergitutma məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR