Ağdamın işğaldan azad edilmiş hissəsində su ehtiyatlarının qiymətləndirilməsi üçün komissiyanın iclası keçirilib - FOTO - YENİLƏNİB - VİDEO

Ağdamın işğaldan azad edilmiş hissəsində su ehtiyatlarının qiymətləndirilməsi üçün komissiyanın iclası keçirilib - <span class="red_color">FOTO - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">VİDEO

© APA | Ağdamda su ehtiyatlarının qiymətləndirilməsinə həsr olunmuş iclas

# 23 iyun 2021 12:44 (UTC +04:00)

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiya işğaldan azad edilmiş Ağdam rayonuna səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfər çərçivəsində eyni zamanda Komissiyanın növbəti iclası keçirilib.

Komissiyanın sədri, Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə keçirilən iclasda ölkə başçısının 19 aprel 2021-ci il tarixli Sərəncamına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Ş. Mustafayev bildirib ki, ötən il Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarından istifadə məsələlərinin yenidən qiymətləndirilməsini diqqət mərkəzinə gətirib: “Bu ərazilərdən başlayan, əsasən yağış və qar suları ilə, habelə yeraltı sulardan qidalanan 13 iri çay birbaşa və ya sonradan Kür və Araz çaylarına tökülür. Bu sırada tam öz ərazimizdə formalaşan Tərtərçay və onun qolları Tutqunçay, Levçay, Torağayçay, eyni zamanda, Həkəriçay, Qarqarçay, Quruçay, Xaçınçay və Köndələnçayı xüsusi qeyd etmək olar. Su ehtiyatlarının müəyyən hissəsi ölkə xaricində formalaşan Bərgüşadçay, Oxçuçay, Bəsitçay və Zabuxçayı da qeyd etmək lazımdır. Ötən il Araz çayının ölkə ərazimizdən keçən hissəsinə də tam nəzarət bərpa olunub.

Su ehtiyatlarının formalaşdırılması məqsədilə çayların üzərində 9 su anbarı mövcuddur. Araz çayının üzərində Xudafərin və Qız qalası su anbarları, Tərtərçayın üzərində Sərsəng və Suqovuşan su anbarları, Xaçınçayın üzərində Xaçınçay su anbarı, Qarqarçayın üzərində Ağdamkənd su anbarı və Köndələnçayın üzərində Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları var”.

Baş nazirin müavini bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Alagöl, Kiçik Alagöl kimi təbii formalaşmış sututarların  mövcud olduğunu diqqətə çatdırıb: “Təqribi hesablamalara görə ərazilərin və su qovşaqlarının işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Cari ilin su təsərrüfatı balansı layihəsinə işğaldan azad olunmuş ərazilər üzrə su və su təsərrüfatı obyektləri də daxil edilib. Komissiyanın fəaliyyəti çərçivəsində müxtəlif tarixlərdə işğaldan azad olunmuş ərazilərə səfərlər edilərək kritik əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə baxış keçirilib, çay və göl hövzələrinə ekspedisiyalar təşkil edilib, dron çəkilişləri aparılıb, vəziyyət yerində qiymətləndirilib”.

İclasda ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə işğaldan azad olunmuş ərazilərdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması imkanları, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlərdən danışılıb.

Qeyd olunub ki, işğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da hər şey, o cümlədən su təsərrüfatı infrastrukturu tam dağıdılıb, odur ki, infrastruktur müasir tələblərə uyğun yenidən qurulmalıdır.

Bildirilib ki, hansı su mənbələrinin içməli su təchizatı, hansılarının suvarma üçün daha məqsədəuyğun olması araşdırılır, azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır.

Ümumilikdə, müşahidə quyuları qazılmaqla yeraltı su ehtiyatlarının və avtomat hidroloji stansiyalar vasitəsilə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi həyata keçiriləcək.

İşğaldan azad olunmuş ərazilərdə su anbarlarının təmir bərpası ilə yanaşı, onların optimal rejimdə idarə olunması, magistral suvarma kanallarının yenidən qurulması məsələlərinə baxılır.

Qeyd olunub ki, hazırda Suqovuşan su anbarı vasitəsilə əkin sahələrinin suvarılması üçün qrafik üzrə saniyədə təqribən 20 kubmetr olmaqla Tərtərçaya su buraxılır. Suqovuşan su anbarından suyun Tərtərçay sol sahil kanalına və SES-ə verilməsi məqsədilə təxirəsalınmaz təmir-bərpa işləri həyata keçirilir.

Eyni zamanda, Tərtərçay sol sahil kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanır. 20 km uzunluğunda olan bu kanal bərpa edilməklə 26,6 min ha, o cümlədən Tərtər rayonu üzrə 14,8 min ha, Goranboy rayonu üzrə 6,9 min ha və Yevlax rayonu üzrə 4,9 min ha əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Qız qalası su anbarından yeni magistral suvarma kanalının tikintisi məsələsinə baxılır.

Baş Mil kanalına birləşəcək yeni kanalı inşa etdikdən sonra Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad olunan 13 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etməklə yanaşı, 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması imkanı yaranacaq.

Səfər zamanı Komissiya üzvləri tərəfindən Ağdam rayonu ərazisində xüsusi əhəmiyyət kəsb edən su və su təsərrüfatı obyektlərinə də yerində baxış keçilib. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə sahəsində tədbirlərin icrası Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yaradılmış Qərargahla əlaqələndirilir.

***

11.10

Ağdamın işğaldan azad edilmiş hissəsində su ehtiyatları ilə əlaqədar vəziyyətin yerində qiymətləndirilməsi üçün komissiyanın iclası keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, iclas Ağdamda Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə baş tutub.

İclas şəhidlərin xatirəsinin yad edilməsi ilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR