Azərbaycanda mobil rabitə abunəçiləri ilə müqavilələr yeni üsulla imzalana bilər

Azərbaycanda mobil rabitə abunəçiləri ilə müqavilələr yeni üsulla imzalana bilər
# 01 iyun 2021 13:20 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatorları ilə abunəçilər arasında müqavilələrin imzalanmasında yeni üsul – biometrik imzalanma tətbiq oluna bilər.

APA-Economics” xəbər verir ki, “Azexport.az” internet portalı ilə “Azərpoçt” MMC arasında elektron anlaşma memorandumunun imzalanması mərasimində Məlumat Hesablama Mərkəzinin (MHM) marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov çıxış edərək bildirib ki, təmsil etdiyi qurum ölkədə açıq açar infrastrukturunun operatorudur və MHM-də Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyəti həm dövlət qurumlarına, həm vətəndaşlara, həm də sahibkarlara elektron imza həlləri təqdim etməkdən ibarətdir.

“Məqsədimiz elektron imzaların istifadəsini daha rahat və əlçatan etməkdir, yəni onların istifadəsi yalnız karta və ya tokenə bağlı olmasın. Başa düşürük, insanlar elektron ticarət sahəsində apardığı əməliyyatlar zamanı daha çevik və qısa zamanda imzalamama həllərinə ehtiyac duyurlar. Bizim təqdim etdiyimiz yeni məhsul biometrik imzalama üsuludur. Burada vətəndaşların tanınması biometrik qaydada həyata keçirilir, daha sonra isə onlara e-imza sertifikatı təqdim edilir və həmin vətəndaş öz e-imzası ilə istənilən sənədi imzalaya bilər”, - deyə C. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, yeni üsulun tətbiqi ilə bağlı artıq banklarla, bank olmayan kredit təşkilatları ilə, mobil rabitə operatorları və digər sahibkarlıq subyektləri ilə danışıqlar aparılıb və Mərkəz tərəfindən təqdim olunan bu həll onlar tərəfindən müsbət qarşılanıb.

Xatırladaq ki, bu yaxınlarda MHM-nin təqdim etdiyi həllin yerli bank olmayan kredit təşkilatı tərəfindən tətbiqinə dair müqavilə imzalanıb. Bu təşkilat tərəfindən kiçik həcmli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdiriləcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim ediləcək.

Qeyd olunan həll üz tanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək, e-imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR