Azərbaycanın "Şimal-Cənub" dəhlizində rolu müzakirə olunub

Azərbaycanın "Şimal-Cənub" dəhlizində rolu müzakirə olunub
# 23 iyun 2021 18:03 (UTC +04:00)

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin aktivləşdirilməsi: Azərbaycanın rolu" mövzusunda onlayn görüş keçirilib.

"ADY Konteyner" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Hindistan Ticarət Palatasının, Hindistanın Azərbaycandakı səfirliyinin, Hindistan Ekspeditorlar Assosiasiyasının, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkətləri olan "ADY Konteyner" və "ADY Express", Hindistanın CONCOR şirkətinin və Bakı Limanının nümayəndələri iştirak ediblər.

Tədbirdə Rusiyadan Hindistana qədər uzanan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcəyi vurğulanıb. Dəhlizin keçdiyi ölkələrdə infrastruktur layihələri, yüklərin cəlb edilməsi istiqamətində görülən tədbirlərdən danışılıb.

Görüşdə iştirak edən "ADY Konteyner" şirkətinin direktoru Natiq Cəfərov ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin imkanları barədə geniş məlumat verib. O, "ADY Konteyner"in bu günlərdə dəhlizlə Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına yola düşən ilk konteyner blok qatarının operatorlarından biri olduğunu vurğulayıb və qatarın 22-23 gün ərzində təyinat stansiyasına çatdırılmasının hədəfləndiyini deyib.

MMC rəsmisi bildirib ki, sözügedən marşrut Süveyş kanalına alternativ kimi dəyərləndirilə bilər. Belə ki, dəniz xətləri ilə müqayisədə bu marşrutla Avropanın şimalından Hindistana və əks istiqamətdə yükdaşımaların müddəti kifayət qədər qısalır.

N. Cəfərov Dəhlizlə hərəkət edən ilk blok qatardakı konteynerlərin Finlandiyaya göndərilmiş "ADY Konteyner" şirkətinə məxsus olan dəmiryol platformaları ilə daşındığını qeyd edib. O, uzun məsafəli transkontinental blok qatarların təşkilinin "ADY Konteyner"in əsas hədəflərindən biri olduğunu, layihənin gerçəkləşməsi üçün platforma təminatını qurumun öz üzərinə götürdüyünü vurğulayıb.

Tədbir iştirakçıları dəhlizin aktivləşdirilməsi istiqamətində bəzi təkliflərlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR