Alkoqolun kartla satışı nağdsız hesablaşmaların həcmini nə qədər artıracaq? - TƏHLİL

Alkoqolun kartla satışı nağdsız hesablaşmaların həcmini nə qədər artıracaq? - <span style="color: red;">TƏHLİL
# 08 yanvar 2016 11:55 (UTC +04:00)

Bu ilin yanvarın 1-dən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Qaydalara əsasən, yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Beləliklə yanvarın 1-dən Azərbaycanda spirtli içkilərin satışı yalnız bank kartları vasitəsi ilə həyata keçirilə bilər.

Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur. Cinayət Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1 000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə əsasən isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ən yumşaq desək, bu yeni qayda əhali üçün gözlənilməz və təəccübləndirici sürpriz olub. Biz bu qaydanın iqtisadiyyata hansı fayda verəcəyi və əhali tərəfindən indi hansı addımları atılacağını təhlil etməyə çalışacağıq.

İlk öncə onu vurğulamaq lazımdır ki, bu addım məhz iqtisadiyyata və bank sisteminə bir dəstəklənmə tədbir kimi qiymətləndirilməlidir. Dünyanın bir sıra ölkələrində alkoqol içkilərinə müxtəlif qadağalar əhali arasında, ilk növbədə gənclər arasında alkoqolizmin yayımlanmasına qarşı yönəldilib, Azərbaycanda isə bu iqtisadi nöqteyi-nəzərdən həyata keçirilir. Daha dəqiq desək, söhbət nağdsız hesablaşmaların artırılmasından gedir. Nağdsız hesablaşmalar və onun Azərbaycanda problemlərinə qısa da olsa toxunmaq yerinə düşər.

Ölkədə müasir bank sistemi yaradılandan Mərkəzi Bankın rəhbərliyi və hökumətin müvafiq qurumları tərəfindən əhali arasında və əhali tərəfindən nağdsız hesablaşmaların inkişafı istiqamətində müvafiq addımlar atılırdı. Amma təəssüf ki, hələlik onlar ciddi nəticə verməyib. Bunu statistika da təsdiq edir. Belə ki, ötən ilin 10 ayı ərzində ölkə daxilində kartlarla həyata keçirilən əməliyyatların 94%-ə yaxın yalnız nağd pulun çıxarılmasına istiqamətlənib. Bu müddət ərzində ölkədaxili əməliyyatlarının ümumi həcmi 9,323 mlrd. manat təşkil edib və bunun 8,731 mlrd. manat nağd pulun çıxarılması və yalnız 592 mln. manat birbaşa bankomat və ya POS-terminal vasitəsi ilə nağdsız ödənişlər üçün istifadə olunub. Göründüyü kimi, Azərbaycan əhalisi hətta onun iqtidarında olan bank kartlarını belə yalnız nağd pulun çıxarılması üçün istifadə edir. Əgər (nəzəri baxımından) kartlarla olan bütün əməliyyatlar nağdsız şəkildə aparılsaydı, göründüyü kimi, 10 ay ərzində 9 mlrd. manata yaxın vəsait bank sistemində qalacaqdı. Alkoqolun nağdsız vəsaitlə satılması bu pulların bir hissəsinin bank sistemində qalmasına yönəldilib. Aydındır ki, bütün malların nağd pula satılmasını qadağan etmək mümkün deyil, amma bəzi mallar üzrə belə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir (və keçirilməlidir).

Rəsmi statistikaya əsasən, 2014-cü ildə (ən son göstərici) pərakəndə ticarətdə 261,7 mln. manat məbləğində alkoqollu içkilər satılıb. Bu rəqəmə təxminən 200 mln. manatı da əlavə edək (bu sahədə təxmini 30%-lik qiymətə əlavəni nəzərə almaqla). Çünki bu satılan məhsul əvvəla topdan satışda alınır, burada isə həmin qadağa mövcuddur. Həmin dövr ərzində 531 mln. qutu tütün məmulatı satılıb. Bu da təxminən 500 mln. manat təşkil edəcək. Bundan da təxminən 450 mln. manat hesablayaq (təxmini 11-12%-lik qiymətə əlavə etməni nəzərə alınmaqla topdan satış üzrə gözlənilən nağdsız hesablaşmalar). Beləliklə, ildə təxmini olaraq ən yaxşı halda 900 mln. manatlıq tütün məmulatı alınır. Çünki tütünün pərakəndə satışı üzrə hələlik hər hansı qadağa yoxdur. Ötən ilin dekabrında həyata keçirilmiş devalvasiyadan sonra baş verən bahalaşmanı, o cümlədən də içkilərin və siqaretlərin bahalaşmasını nəzərə alınmaqla, 2016-cı ildə bu rəqəm 1,5 mlrd. manata çata bilər. Nəticədə alınır ki, tətbiq edilmiş qadağadan sonra nağdsız hesablaşmaların həcminin 1,5 mlrd. manat artımı gözlənilir. Aydındır ki, bu çox kobud hesablamadır, amma hər halda miqyas üzrə müəyyən təsəvvürü yaradır.

Yuxarıda qeyd etdiyimiz bankomatlarda kartlar üzrə və POS-terminallarda aparılan əməliyyatlar üzrə statistikanı yada salsaq, alınır ki, nağdsız hesablaşmalar nə az, nə çox 3 dəfə artmalıdır, yəni ildə 650-700 mln. manat əvəzinə bank sistemində nağdsız şəkildə kartlar üzrə 2 mlrd. manatdan artıq vəsait dövr edəcək. Bu baxımından iqtisadi cəhətdən atılmış addım, tətbiq edilmiş qadağa çox faydalı olmalıdır. Sosial cəhətdən isə? Hazırda Azərbaycanda təxminən 5,7 mln. bank kartları var ki, bunların da əsas hissəsi nisbətən daimidir, yəni 4,6 milyona yaxını debet kartlarıdır (əsasən, əmək haqqı və pensiya kartlarıdır). Beləliklə, sırf rəqəm baxımından ölkədə kifayət qədər kart var və ilk baxışdan əhalidə alkoqolun alınmasında çətinliklər yaranmamalıdır. Amma sirr deyil ki, qazanc sahəsində külli miqdarda vəsaitlər banklardan kənarda qalır, əhalinin böyük hissəsi əmək haqlarını və qazanclarını ya nağd şəklində, ya da ümumiyyətlə əldən-ələ uçotsuz alır. Bu prosesdə kartdan istifadə olunmur və tək alkoqolun alınması üçün kart almağa heç kəs tələsməyəcək.

Qeyd edək ki, Azərbaycan ilk ölkə deyil ki, alkoqol üzrə müəyyən qadağaları tətbiq edir. Əksinə, bir çox ölkələrdə bu məhsul üzrə qadağalar var, amma bu qadağalar əhali arasında alkoqolizm səviyyəsinin azaldılması və əhalinin sağlam həyat tərzi məqsədilə tətbiq olunur. Məsələn, ABŞ, Skandinaviya və Baltikyanı ölkələr, İspaniya, Böyük Britaniya, Almaniya, Portuqaliya, Kanada, Fransa, Rusiya, Braziliya, Belarus, Avstraliya kimi ölkələri bu sıraya aid etmək olar. Lakin burada məhdudiyyətlər digər sahələrə aiddir. Belə ki, buraya vaxt baxımından satışa qadağalar, alıcının yaşı üzrə məhdudiyyətlər, satış nöqtələr üzrə məhdudiyyətləri (əksər ölkələrdə alkoqolun satışı dövlətin monopoliyasıdır, yəni içkilər yalnız dövlətə və ya yerli icra orqanlarına məxsus olan ticarət obyektlərində satılır) aid etmək olar. Və nəhayət bir çox ölkələrdə alkoqol üzrə ən yüksək vergilər tutulur. Satışın üsulu üzrə isə qadağalar yoxdur, Azərbaycan, bu sahədə demək olar ki, birincidir. Qeyd edək ki, 2013-cü ildə tam oxşar təşəbbüs Rusiyada irəli sürülmüşdü. Təşəbbüsdə nəzərdə tutulurdu ki, nağd pula satış qadağa olunsun və məsələn, yeniyetmələr alkoqollu içkilər ala bilməsin. Amma bu təşəbbüs müsbət qarşılanmayıb, çünki araşdırma zamanı aydın olub ki, qabağanedici tədbirlərlə sözügedən məqsədə nail olmaq mümkün deyil, qadağa əksinə gizli alkoqolun istehlakının artmasına səbəb olacaq. Biz Azərbaycanda tətbiq edilən qaydaların hansı nəticələr verəcəyini gözləmək qalır. Həm iqtisadi, həm sosial baxımından...

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR