Azərbaycanda manatla olan əmanətlərin banklardan axını davam edir - TƏHLİL

Azərbaycanda manatla olan əmanətlərin banklardan axını davam edir - <span style="color: red;">TƏHLİL
# 02 noyabr 2015 09:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin sentyabr ayında əhalinin əmanətləri 7 311,8 mln. manata bərabər olub ki, bu, 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 352,1 mln. manat və ya 5,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, avqust ayı ilə müqayisədə sentyabrda əhalinin əmanətləri 8,5 mln. manat və ya 0,12% azalıb.

Ümumiyyətlə, yanvar ayı ilə müqayisədə fevralda (manatın devalvasiyası fevralın 22-də baş verib) əhalinin banklara yerləşdirdiyi əmanətlər 811,4 mln. manat və ya 11,39% artıb. Fevral ayı ilə müqayisədə martda əhalinin banklara yerləşdirdiyi əmanətlərdə 151,1 mln. manatlıq və ya 1,9% azalma qeydə alınıb. Aprel ayı üzrə əhalinin əmanətlərinin həcmi mart ayı üzrə göstəricidən 64,4 mln. manat və ya 0,83% azdır. Aprel ilə müqayisədə may ayında əhalinin banklara yerləşdirdiyi əmanətlər 116,1 mln. manat və ya 1,50% azalıb. May ayı ilə müqayisədə iyunda əhalinin əmanətləri 52,5 mln. manat və ya 0,69% artıb. İyulda isə iyun ayına nisbətdə əhalinin əmanətlərində 48,5 mln. manat və ya 0,63% azalma müşahidə olunub. Avqust ayının iyul ayı ilə müqayisəsinə gəlincə isə 8-ci ayda əhalinin banklara yerləşdirdiyi əmanətlərin həcmi 284,8 mln. manat və ya 3,74% azalıb.

Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə sentyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlər 190,5 mln. manat v ə ya 2,68% artıb.

İndi əhalinin banklarda yerləşdirdiyi 7 mlrd. 311,8 mln. manat əmanətin 5 mlrd. 534 mln. manatı və ya 75,7%-i xarici valyutada, 1 mlrd. 777,8 mln. manatı və ya 24,31%-i milli valyutadadır. Başqa sözlə, sentyabr ayında xarici valyutada olan əmanətlərin həcmi 61,6 mln. manat artıb, milli valyutadakı əmanətlər isə 70,1 mln. manat azalıb. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin həcmi 2 643,3 mln. manat və ya 59,8% azalıb. Əvəzində xarici valyutada olan əmanətlərdə 1 il ərzində 2 995,4 mln. manat və ya 2,18 dəfə artım var.

Əhalinin əmanətlərinin valyuta strukturuna nəzər salanda məlum olur ki, milli valyutada olan əmanətlərin azalması hesabına yanvarda manatla yerləşdirilən əmanətlərin ümumi əmanətlərdə payı 60,05%, fevralda 37,66%, martda 34,66%, apreldə 29%, mayda 28,58%, iyunda 28,48%, iyulda 28,12%, avqustda 25,24%, sentyabrda isə 24,31% təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR