Azərbaycanda ümumi kredit qoyuluşlarında problemli kreditlərin xüsusi çəkisi 6%-i ötüb - TƏHLİL

Azərbaycanda ümumi kredit qoyuluşlarında problemli kreditlərin xüsusi çəkisi 6%-i ötüb - <span style="color: red;">TƏHLİL
# 11 iyun 2015 09:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin mayın 1-ə 20 595,5 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 350,1 mln. manat və ya 26,78% çoxdur.

 

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 8 197,7 mln. manat və ya ümumi həcminin 39,8%-i təşkil edir. Qeyd edək ki, son 17 ayda ilk dəfə ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən aşağı olub.

 

Buna baxmayaraq, ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 586,8 mln. manat və ya 24% artıb. Başqa sözlə, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,7%-lik payla “İnşaat və əmlak” və 14,4%-lik payla “Ticarət və xidmət”, 10,7%-lik payla sənaye və istehsal, 4,6%-lik payla kənd təsərrüfatı və emal, 4,2%-lik payla nəqliyyat və rabitə, 1,3%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

 

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin mayın 1-ə 1 256,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 361 mln. manat və ya 40,31% çoxdur.

 

Ümumiyyətlə, yanvarda problemli kreditlərin həcmi 54,6 mln. manat, fevralda 107,3 mln. manat, martda 75,1 mln. manat, apreldə isə 43,3 mln. manat artıb. Bu ilin əvvəli ilə müqayisədə Azərbaycanda problemli kreditlərin həcmi 280,3 mln. manat artıb. Göründüyü kimi, problemli kreditlərin həcmində kəskin artın 2015-ci ilin 4 ayında qeydə alınıb. Belə ki, 1 il ərzində artan 361 mln. manatlıq vaxtı keçmiş kreditin 280,3 mln. manatı məhz  yanvar-aprel aylarının payına düşür. 2015-ci ilin 4 ayı ərzində problemli kreditlər üzrə artım daha çox məhz devalvasiyanın baş verdiyi ayda, yəni fevralda qeydə alınıb.   

 

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,1% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR