Azərbaycanın bank sistemində son durum: kiçik bankların birləşdirilməsi çıxış yoludurmu? - TƏHLİL

Azərbaycanın bank sistemində son durum: kiçik bankların birləşdirilməsi çıxış yoludurmu? - <span style="color: red;">TƏHLİL
# 02 sentyabr 2015 09:37 (UTC +04:00)

Son zamanlar Azərbaycanda bank sisteminin iriləşdirilməsinin zəruriliyi barədə müzakirələr yenidən aktivləşib. Belə fikirlər səslənir ki, ərazicə kiçik olan ölkə üçün bu qədər sayda bank həddən artıq çoxdur: "Gəlin, bankların sayını ixtisar edək və hər şey əla olacaq".

Hazırda Azərbaycanda 45 bank fəaliyyət göstərir və çoxlarına elə gəlir ki, ölkə üçün bundan iki dəfə az sayda bankın olması kifayət edər. Eyni zamanda, bu fikri əsaslandırmaq üçün müqayisəli analizə əsaslanmayan mücərrəd mülahizələr səslənir ki, bu da kökündən yanlışdır. Bu və ya digər ölkədə neçə bankın fəaliyyətinin zəruri olmasını əsaslandırmaq üçün faktlara əsaslanmaq lazımdır. O faktlara ki, "X" sayda bankın mövcudluğunun bank sisteminin inkişafına imkan vermədiyini təsdiqləsin. Rəqəmlərə əsaslansaq, belə faktlar mövcud deyil. Son hesabatlara əsaslansaq, Azərbaycanda 45 bank fəaliyyət göstərir, onların məcmu aktivləri 29,1 milyard manat, məcmu kapitalı isə 4,5 milyard manatdır. Bəzi müqayisəli təhlillər aparmaq üçün bu rəqəmlər hələlik kifayətdir. Əgər MDB ölkələrinin bank sistemlərini müqayisə etsək, görərik ki, Azərbaycan bankların sayına görə yalnız Rusiya və Ukraynadan, məcmu aktivlərinin və məcmu kapitalının həcminə görə isə Rusiya, Belarus və Qazaxıstandan geri qalır.

Əgər Şərqi Avropa ölkələri ilə müqayisə etsək, onda vəziyyət o qədər də dəyişmir. Azərbaycan bankların sayına görə Şərqi Avropa ölkələrindən yalnız Polşadan geri qalır, digər ölkələrdə bankların sayı ya bizdəki qədər, ya da bizim bankların sayından azdır. Bununla belə, bank göstəriciləri o qədər də ürəkaçan deyil. Məsələn, iqtisadi baxımdan o qədər də inkişaf etməmiş Bolqarıstanda cəmi 28 bank fəaliyyət göstərir, lakin Bolqarıstan banklarının likvid aktivləri 15 milyard dollara çatır. Digər ölkələrlə müqayisə də mənzərənin çox da ürəkaçan olmadığını ortaya qoyur.

Eyni zamanda unutmaq olmaz ki, ölkələr və iqtisadiyyatların müqayisəli analizini mütləq iqtisadi göstəricilərə görə deyil, nisbi göstəricilərə əsasən aparmaq lazımdır. Bank sistemlərinin analizində əsas nisbi göstərici məcmu aktivlərin ümumi daxili məhsulun həcmində payıdır. Beləliklə, Azərbaycanın bank sistemi ilk növbədə məcmu aktivlərin illik ümumi daxili məhsulun 49,3%-ini təşkil etməsi ilə xarakterizə olunur. Burada qeyd etmək lazımdır ki, Şərqi Avropa ölkələri ilə müqayisədə bu, azdır. Bundan başqa, qeyd olunan göstərici əksər MDB ölkələri ilə müqayisədə də aşağıdır. Biz bu göstəricini Qərbi Avropa ölkələri ilə müqayisə etməyəcəyik, çünki burada müqayisə yerinə düşməz. MDB ölkələrinə gəldikdə, aktivlərin ÜDM-də payına görə Azərbaycan MDB-nin az-çox inkişaf etmiş ölkələrindən və bütün Şərqi Avropa dövlətlərindən geri qalır. Şərqi Avropada bu sahədə ən aşağı göstərici Rumıniyadadır - 70%. Azərbaycan bu göstəriciyə görə hətta MDB ölkələrinin orta göstəricisinə belə çatmır - 59%. Bu, həm də ona görə ürəkaçan deyil ki, Azərbaycan adambaşına düşən ümummilli məhsulun həcminə görə əksər MDB ölkələrini və Şərqi Avropanın bəzi dövlətlərini geridə qoyur.

Bu, ümumi mənzərədir. Lakin bu mənzərə kiçik bankları bu və ya başqa formada ləğv etməyin zəruriliyini ortaya qoyurmu? Heç bir şəkildə! Ən azı belə bir addımın atılmasına zərurət varsa, bu zərurət bank sisteminin mövcud vəziyyətindən irəli gəlmir. Təsəvvür edək ki, Mərkəzi Bank bu və ya digər üsullarla bankların iriləşməsi ideyası təşəbbüsünü dəstəkləyir. Makroiqtisadi nöqteyi-nəzərdən heç nə baş verməyəcək – kiçik bankların aktivləri böyük bankların aktivlərinin üstünə gələcək. Bəs kiçik bank nəyə deyirik? Hazırda Azərbaycanda banklar qarşısında qoyulan əsas tələblərdən biri məcmu kapitalının ən azı 50 milyon manat olmasıdır. Eyni zamanda kapitalın adekvatlığı göstəricisi - dünya praktikasında bu, bankların qiymətləndirilməsində əsas göstərici sayılır – normativi 12 faiz keçir. Kapitalın adekvatlığı öz kapitalının aktivlərə olan faktiki nisbətidir. Belə çıxır ki, hətta kiçik adlandırdığımız banklar belə Mərkəzi Bankın tələblərinə tam cavab verir. Bu tələblər isə beynəlxalq bank hüququ prinsiplərinə, Bazel komitəsinin normativlərinə əsaslanır.

Bankları xarakterizə edən daha bir göstərici vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payıdır. Azərbaycanda bu göstərici 5,3 faizdir: bəzi banklarda bu rəqəmdən çoxdur, bəzilərində isə azdır. Ədalət naminə demək lazımdır ki, bu, Şərqi Avropanın bəzi ölkələrində müvafiq göstəricidən bir neçə dəfə aşağıdır. Və müvafiq olaraq iqtisadi planda kiçik bankları bağlamağın, onları birləşməyə məcbur etməyin zəruriliyini iddia etmək üçün əsas yoxdur. Hələ bu prosesin texniki baxımdan nə qədər mürəkkəb olduğunu demirik, belə bir proses nəticədə şəxsi xarakterli çoxsaylı problemlər yarada bilər. Tamamilə aydındır ki, azərbaycanlı bankirin psixologiyası eqosentrikdir, o hakimiyyəti və gəlirləri kiminləsə bölüşməyə razılaşmaz. Azərbaycandakı iş adamlarının, o cümlədən bankirlərin öz müəssisəsinə əlavə vəsait cəlb etmək üçün açıq səhmlər yerləşdirməsi, minoritar şəriklərin sayını artırması üsulundan imtina etməsini buna misal çəkmək olar. Ona görə də bankların birləşdirilməsi ideyası çətin ki uğur qazansın.

Bununla belə, bank aktivlərinin azlığı əsas xarakterik göstərici kimi ölkənin bank sisteminin qaydasında olduğuna dair bütün mülahizələrin üzərindən xətt çəkir. Və bankların sayını ixtisar etməklə problemi həll etmək olmaz. Burada problemə daha geniş baxmaq lazımdır.

Azərbaycan bank sisteminin problemi bankların sayında deyil, problem odur ki, iqtisadiyyatın və nağd pul kütləsinin böyük hissəsi bank sistemindən kənarda qalmasıdır. Son illər kommunal xidmətlər, vergi və rüsumların elektron formada ödənişi, bank kartları ilə ödənişlərin stimullaşdırılması kimi yeniliklərin tətbiq olunması müəyyən effekt versə də, problemin həllinə təsiri çox böyük deyil. Məsələn, bank kartları ilə əməliyyatların 90 faizini yenə də nağd pul çıxarma təşkil edir. Başqa sözlə desək, kartlarda olan vəsaitin yalnız 10-12 faizi az və ya çox müddətə bank sistemində qalır, hesabdan hesaba köçürülür və s. Kredit və debet kartları ilə aylıq əməliyyatların həcmi təxminən 1 milyard dollara çatır ki, bu məbləğin də təxminən 900 milyon manatı qısa müddət ərzində nağdılaşdırılır. Digər misal. Dövlət Statistika Komitəsinin yanvar-iyun aylarına olan məlumatına görə, əhalinin bir ay ərzində məcmu gəliri 3,3 milyard manat təşkil edir. Bu, yalnız rəsmi statistikadır. Məbləğin bir hissəsi, yəni kartlarda olan pullar (pensiya, maaş) dərhal nağdılaşdırılır. Böyük hissəsi isə istehlak məqsədilə xərclənir, yaxud nağd pul şəklində yığılır. İstənilən halda gəlirlərin əsas hissəsi banklardan yan ötür. Və bu işin görünən və ən cüzi hissəsidir. Biznes sektorunun banklardan nə qədər uzaqda olmasına, nağd hesablaşmaların miqyasına dair əlimizdə dəqiq faktlar olmadığına görə, daha arqumentli danışa bilmirik. Amma əminliklə demək olar ki, burada da vəziyyət bankların lehinə deyil. Nağd pul dövriyyəsinin banklar vasitəsilə qeyri-nağd pul dövriyyəsinə keçməsi problemi var. Bank sisteminin inkişafı bu problemin həllindən keçir. Lakin Mərkəzi Bankın bu sahədə necə deyərlər, əl-qolu bağlıdır, çünki əhalinin nağd pula sevgisi dərin kök atıb. Şərqi Avropa ölkələrinə gəldikdə burada əhalidə nağd pul olmadığını söyləmək axmaqlıqdır, lakin burada bank kartları ödəmə vasitəsi kimi çox populyardır. Hər kəsin banklarda yığım hesablarının deyil, əməliyyat hesablarının olması – bir həyat normasıdır. Buna görə də bu ölkələrdə bank sistemlərinin sahib olduğu aktivlərin həcmi ölkənin ümumi daxili məhsulunun həcmindən çoxdur. Təəssüf ki, Azərbaycan bu nöqtəyə çatmaq üçün hələ uzun yol qət etməlidir, çata biləcəyi isə hələ sual altındadır.

Yaxşı, nə olsun? Göstəricilər normaldır, hamı işləyir və vəziyyət hamını qane edir. Lakin hər şey göründüyü kimi sadə deyil. Məsələ bundadır ki, banklarda pul nə qədər az olarsa, pulun dəyəri bir o qədər yüksək olur. Sadə dildə desək, bankların pulu çox olsaydı, kredit faizləri aşağı olardı. Avropada durum məhz belədir. Hətta Şərqi Avropada belə kredit faizləri illik cəmi bir neçə faizdir. İllik 10 faizə də kredit tapmaq olar, amma bu, yalnız fiziki şəxslər üçün, çox kiçik həcmli və riskli kredit məhsulu olacaq. Biznes kreditləşmədə faiz dərəcələri isə çox-çox aşağıdır. Digər tərəfdən depozitlər üçün faizlər də aşağıdır, çünki bankların dövriyyə üçün pul vəsaiti kifayət qədərdir və onlar Azərbaycan banklarından fərqli olaraq depozit ardınca qaçmırlar. Bizim banklar bu şərtlər daxilində işləməyə məcbur qalır: kreditləri yalnız depozitlər hesabına verə bilirlər, depozitləri isə yüksək faizlə götürməyə məcburdurlar, çünki kredit vermək üçün depozit vəsait lazımdır. Nəticədə depozitin qiyməti + inzibati xərclər + bankın marjası = ağlasığmaz kredit faizi. Və bu Azərbaycan bank sisteminin daha bir həll olunmaz problemidir. Və bu problemi yüz faiz bankların sayını ixtisara salmaqla həll etmək olmaz.

Son olaraq Azərbaycanda bankların sayının həddən artıq çox olduğunu iddia edənlər üçün daha bir müqayisə aparmaq istərdim. Azərbaycanda hər 205 min nəfərə, Rusiyada isə hər 175 min nəfərə bir bank düşür. Rusiyada hazırda 834 bank fəaliyyət göstərir. Bolqarıstanda isə cəmi 28 bank var, hər 264 min nəfərə bir bank var. Bu məntiqlə belə çıxır ki, Azərbaycanın səviyyəsinə çatmaq üçün Rusiyada bankların sayını 700-dək ixtisar etmək lazımdır, Bolqarıstanda isə, əksinə, 36-ya qaldırmağa ehtiyac var? Lakin, nə Rusiyada, nə Bolqarıstanda bu barədə düşünmürlər, onlar anlayırlar ki, məsələ kəmiyyətdə deyil.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR