May və iyun aylarında banklarda xarici valyutada yerləşdirilən depozitlərin həcmi azalıb

May və iyun aylarında banklarda xarici valyutada yerləşdirilən depozitlərin həcmi azalıb
# 07 avqust 2015 16:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin iyulun 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 18 231,6 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 4 240,2 min manat və ya 30,31% çoxdur.

Bununla yanaşı, may ilə müqayisədə iyunda depozitlərin həcmi 343,7 mln. manat və ya 1,85% azalıb.

Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, depozitlərin 5 mlrd. 034,1 mln. manatla, 13 mlrd. 197,4 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 27,61%-i manatla, 72,39%-i isə xarici valyutada yatırılıb.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin yanvar-iyun aylarında banklar 7 mlrd. 083,9 mln. manatla, 6 mlrd. 907,5 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 50,63%-i manatla, 49,37%-i isə xarici valyutada yatırılıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında manatla yerləşdirilən depozitlərin həcmi 16,5%, fevral ilə müqayisədə martda 9,36%, martla müqayisədə apreldə 539,7 mln. manat və ya 9,73%, aprellə müqayisədə mayda manatla yerləşdirilən depozitlərin həcmi 50,1 mln. manat və ya 1% azalıb. Amma may ilə müqayisədə iyunda manatla yerləşdirilən depozitlərin həcmi 77,1 mln. manat və ya 1,56% artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevral ayında xarici valyutada yerləşdirilən depozitlərin həcmi 4 556,9 mln. manat və ya 58,38%, fevral ilə müqayisədə martda 610,4 mln. manat və ya 4,94%, martla müqayisədə apreldə 851,7 mln. manat və ya 6,57% artıb. Amma aprellə müqayisədə mayda manatla yerləşdirilən depozitlərin həcmi 205,7 mln. manat və ya 1,49%, may ilə müqayisədə iyunda 420,9 mln. manat və ya 3,09% azalıb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR