Növbəti dünya böhranı təxirə salınır - TƏHLİL

Növbəti dünya böhranı təxirə salınır  - <span style="color: red;">TƏHLİL
# 21 sentyabr 2015 13:40 (UTC +04:00)

Dərhal “Qara bazar ertəsi” adını qazanan avqustun 24-də əvvəl Asiya fond indeksləri 5-8%, ardınca ABŞ və Avropa fond indeksləri 5-6% azalıb. Bu hadisədən sonra müxtəlif proqnoz və təhlillər səsləndirilib ki, bunların arasında hətta radikal pessimist proqnozlar vardı. Belə proqnozlara əsasən, dünya fond bazarında şişirdilmiş maliyyə “köpükləri” mövcuddur və bu səbəbdən dünya fond bazarında eniş tendensiyaları güclənəcək. Lakin gələcək hadisələr göstərdi ki, bu proqnozlar əsassız olmasalar da, həddən artıq pessimist xarakter daşıyır. Bu fikri təsdiqləmək üçün üçün “Qara bazar ertəsindən” sonrakı dinamikaya diqqət yetirək:

Göründüyü kimi, ABŞ-ın iki əsas indeksi olan Dow Jones və S&P500 tez bir zamanda əvvəlki səviyyələrinə qayıda bilib. Maraqlıdır ki, hər iki indeksin aylıq dinamikası tam olaraq oxşardır, hətta demək olar ki, tam eynidir. Bu fakt onu göstərir ki, fond bazarında dinamika ilk növbədə xarici və psixoloji amillərdən asılı olub, çünki Dow Jones və S&P500 indekslərində tam başqa şirkətlərin səhmləri “iştirak edir”. ABŞ-ın əsas fond indekslərindən əlavə Avropanın əsas indekslərindən biri olan FTSE100 və Yaponiyanın Nikkei indekslərinin dinamikasına da diqqət yetirmək vacibdir:

Beləliklə, yalnız Nikkei indeksləri üzrə dinamika müəyyən dərəcədə mənfidir, FTSE indeksi tam olmasa da, “Qara bazar ertəsindən” əvvəlki səviyyəyə qayıtmaqdadır. Digər Avropa indeksləri üzrə də dinamika oxşardır. Yalnız Asiya indeksləri hələ də neqativ tendensiyalar nümayiş etdirir.

Bütün bunlar nələri əks etdirir? İlk növbədə indekslərin avqustun 24-də kəskin azalmasının əsas səbəblərini yada salaq. Enişin “lokomotivi” Asiya fond bazarları olub, bunun isə səbəbi Çin iqtisadiyyatda problemlərin kəskinləşməsi ehtimalları idi. Lakin niyə belə kəskin? Xatırladaq ki, avqustun 24-dən əvvəlki həftə ərzində Çinin fond bazarında tədricən dinamika ilə 11%-lik ümumi azalma baş verib və investorlar gözləyiblər ki, Çin Mərkəzi Bankı maliyyə bazarında sabitlik yaratmaq üçün müəyyən addımları atacaq. Lakin bu gözləntilər özünü doğrultmayıb və investorlar cavab olaraq fond bazarında kütləvi satışlara başlayıblar. Nəticədə kimi səhmlər ucuzlaşıb və indekslərin kəskin azalması baş verib. Asiya bazarındakı tendensiyalar sonradan ABŞ və Avropa fond bazarlarına da keçib, çünki burada da Çin iqtisadiyyatındakı problemlər narahatlığı daha da gücləndirib.

Nəticədə müxtəlif analitiklər yeni Böyük Depressiyanın yaxınlaşması barədə bəyanatlarla çıxış etməyə tələsiblər. Bu bəyanatların müəyyən dərəcədə əsasları var, lakin məhz “müəyyən dərəcədə”. Belə ki, radikal pessimist proqnozlar ona əsaslanır ki, son illər ərzində dünya iqtisadiyyatının artımının əsas qüvvəsi olan Çin iqtisadiyyatının artımında azalma tendensiyaları yaranıb. Bunun əsas səbəblərindən biri kimi Çində ucuz işçi qüvvəsi amilinin sona çatmasını qeyd etmək olar. Belə ki, son illərdə Çin iqtisadiyyatının sürətli artımının səbəbi məhz ucuz işçi qüvvəsi idi. Lakin Çin əhalisinin yaşayış səviyyəsinin tədricən artması və eyni zamanda işçilərin əvvəlki şərtlərlə işləməyə razı olmaması iqtisadi artımını azaldır. Aydındır ki, bu kimi fundamental amillərin tez bir zamanda aradan qaldırılması mümkün deyil və buna görə də dünya iqtisadiyyatında davamlı eniş tendensiyaları proqnozlaşdırılır. Əlbəttə ki, belə proqnozların gələcəkdə nə dərəcədə reallaşıb-reallaşmaması qətiyyən aydın deyil, biz hələlik onu bəyan edə bilərik ki, dünya fond bazarlarında qısa zamanda sabitlik yaranıb və bunu yuxarıda təqdim edilmiş cədvəllər açıq təsdiqləyir.

Dərk etmək vacibdir ki, Çində iqtisadiyyatının həcminin azalması baş vermir, yalnız iqtisadi artım azalır və dünya iqtisadiyyatı artıq buna öyrəşməlidir. Çində sürətli iqtisadi artım artıq keçmişdə qalıb, indi yalnız mülayim artıma ümid etmək olar. Bunu artıq hamı başa düşür və müəyyən addımları atır. Məsələn, Federal Ehtiyat Sistemi (FES).

Sentyabrın 17-də FES-in Açıq bazarları üzrə Komitəsi federal kredit vəsaitləri üzrə baza faiz dərəcəsini rekord aşağı olan 0-0,25 faizlik səviyyədə saxlayıb. Bu da ölkə iqtisadiyyatında son aylar ərzində pozitiv tendensiyalara, işsizliyin azalması, daşınmaz əmlak bazarında kütləvi canlanma və digər pozitiv amillərə baxmayaraq, inflyasiyanın yeganə saxlayıcı amilidir. İnflyasiya səviyyəsi hələ də uzunmüddətli proqnoz və hədəflərdən aşağıdır. Lakin faiz dərəcəsinin qaldırmamasının səbəbi bu deyil. FES-in şərhində bildirilir ki, “son dünya iqtisadi və maliyyə hadisələri işgüzar fəallığı müəyyən dərəcədə məhdudlaşdıra bilər və inflyasiyaya təzyiq edə bilər”. Necə deyərlər, kim necə istəyir, elə də başa düşsün. Əlavə olaraq FES-in şərhində bildirilir ki, ölkədə iqtisadi artım göstəriciləri yüksək deyil, ev təsərrüfatların istehlak xərcləri və əsas kapitala investisiyalar kiçik artım templəri nümayiş etdirir.

Xatırladaq ki, əvvəlki bəyanatlarda bütün bunlar pozitiv amillər kimi təqdim edilirdi və bu da analitiklərə əsas verib ki, baza faiz dərəcəsinin artırılmasını proqnozlaşdırsınlar. Lakin belə görünür ki, dünya bazarlarda son hadisələr FES-i faiz dərəcəsini qaldırmaq fikrindən daşındırıb. FES isə sadəcə bunu açıq etiraf etmək istəmir və diqqəti əmlak bazarına və inflyasiya tempinə yönəldir. Hər halda FES-in qərarı onu göstərir ki, dünyanın ən güclü və təsirli maliyyə qərarverici orqanı dünya iqtisadiyyatında narahatedici tendensiyaların mövcudluğu etiraf edir və stimullaşdırıcı addımlar atmağa hazırdır. Bu da bizi əvvələ, yəni “qara bazar ertəsinə” qaytarır. Belə ki, bazarların reaksiyası göstərib ki, Asiya fond bazarlarında enişin təsiri qısamüddətli olub. Və FES baş verənlərə adekvat reaksiya verərək yumşaq pul-kredit siyasətini yütürməyə davam edəcək. Beləliklə, avqustun 24-də baş verənləri yeni maliyyə böhranının başlanğıcı kimi qiymətləndirənlər bir qədər tələsiblər.

Vahab Rzayev, APA Analitik Mərkəzi

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR