Azərbaycanda «SubaruCard» plastik kartlarının buraxılışına başlanıb

Azərbaycanda «SubaruCard» plastik kartlarının buraxılışına başlanıb
# 05 avqust 2008 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Bank Respublika» və «Subaru» avtomobillərinin Azərbaycandakı rəsmi distributoru «Subaru Azərbaycan» şirkəti birgə «SubaruCard» bonuslu ko-brend plastik kartını buraxıb. «Bank Respublika»dan «APA-Economics»ə verilən məlumata görə, «SubaruCard» plastik kartı «VISA Classic» kartı əsasında buraxılıb və 200-dək ölkə ərazisində istifadə edilə bilər. «SubaruCard» kartı üzrə əməliyyatlar apararkən kart sahibi bonuslar qazanır. Belə ki, «Bank Respublika»nın və «Azərikard» şəbəkəsinə daxil olan digər bankların bankomat və məntəqələrində «SubaruCard» ilə xərclənmiş hər 200 manat və ya 250 ABŞ dollara (kartın valyutasından asılı olaraq) 1 bonus hesablanır. «Azərikard» şəbəkəsinə daxil olmayan bankların bankomat və məntəqələrində, eləcə də xaricdə «SubaruCard» ilə xərclənmiş hər 100 manat və ya 125 dollara 1 bonus hesablanır. «SubaruCard» sahibi «Subaru» Avtomobil Mərkəzində və ya servis mərkəzində ehtiyat hissələrinin və aksesuarların, eləcə də servis xidmətlərinin ödənişi zamanı kart hesabında yığılmış bonusları istifadə edə bilər. Bonusların istifadəsi «1 bonus = 1 manat» qaydası ilə həyata keçirilir. «SubaruCard» plastik kartı «Subaru» Avtomobil Mərkəzindən alınmış «Subaru» avtomobilinin sahibinə və ya etibarnamə ilə onu sürən şəxsə pulsuz verilir. «SubaruCard» ilə 45 günədək faizsiz kredit xətti də açıla bilər. Müştəri istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci gününədək ödəyərsə, faiz hesablanmayacaq. Növbəti ayın 15-ci gününədək ödəməzsə, növbəti gündən etibarən borc məbləğinə 28% illik dərəcəsi ilə faiz hesablanacaq.
Qeyd edək ki, «SubaruCard» üzrə kredit xətti iş yerindən arayış əsasında, həmçinin «Bank Respublika»nın əmanətçiləri və biznes krediti və avtomobil krediti üzrə müştərilər üçün açıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR