Ümumdünya Kredit İttifaqları Şurasının baş katibi sentyabrda Azərbaycana gələcək

Ümumdünya Kredit İttifaqları Şurasının baş katibi sentyabrda Azərbaycana gələcək
# 29 avqust 2008 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayında Ümumdünya Kredit İttifaqları Şurasının (WOCCU - World Council of Credit Unions) baş katibi Devid Qreys (David Grase) Azərbaycana gələcək.
Azərbaycan Kredit İttifaqları Assosiasiyası İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, D.Qreys Bakıya səfəri çərçivəsində Azərbaycan Milli Bankı, Mili Məclis və digər dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, D.Qreysin Azərbaycana səfərinin əsas məqsədi ölkədə kredit ittifaqlarının fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının hazırkı vəziyyəti, tələb olunan təkmilləşdirilmə işlərinin aparılması zəruriyyəti ilə bağlı beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi perspektivlərini öyrənməkdən ibarətdir.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 78 kredit ittifaqından 51-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir.
WOCCU 1971-ci ilin yanvar ayının 1-dən fəaliyyət göstərir. Təşkilatın baş ofisi Vaşinqtonda yerləşir. Dünyada 46 min kredit ittifaqı fəaliyyət göstərir ki, bunların da üzvlərinin sayı 172 mln. nəfər təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR