Gələn il Azərbaycanda iqtisadi artım ən azı 18% olacaq

Gələn il Azərbaycanda iqtisadi artım ən azı 18% olacaq
# 30 avqust 2008 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi respublikanın 2009-cu il dövlət büdcəsinin layihəsinin hazırlanması məqsədilə gələn il üçün makroiqtisadi göstəricilərin proqnozlarını Maliyyə Nazirliyinə təqdim edib. APA-nın məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
S.Həsənovanın sözlərinə görə, makroiqtisadi proqnozlar 2009-2012-ci illər üçün üç formada – pessimist, orta və optimist ssenaridə hazırlanıb. Hər bir ssenaridə proqnoz göstəriciləri dünya bazarında neftin qiymətindən asılı olaraq dəyişir. Nazir müavini vurğulayıb ki, 2009-cu ildə ÜDM-nin artım tempinin ən azı 18% olacağı gözlənilir: «Ən zəif ssenari ilə neftin baza qiyməti 2012-ci ildə 70 dollaradək azalması proqnozu ilə gələn il üçün 80 dollar/barel səviyyəsində götürülüb. Orta ssenariyə əsasən, 2009-2012-ci illərdə neftin qiyməti 100 dollar/barel, optimist ssenaridə isə 125 dollar/barel səviyyəsində nəzərdə tutulub», - deyə S.Həsənova bildirib.
Nazir müavini həmçinin qeyd edib ki, gələn il Azərbaycanda inflyasiya tempinin cari ildəkindən aşağı olacağı gözlənilir və bu, dünya bazarında cari qiymətlərin səviyyəsindən asılı olacaq. Orta müddətdə isə (2009-2012-ci illərdə) inflyasiyanın birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.
S.Həsənova əlavə edib ki, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında özəl sektorun payının 80%-dən çox, neft sektorunun xüsusi çəkisinin isə 55% olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR