Artıq bu il Azərbaycanda poçt şöbələri bank-maliyyə xidmətləri göstərməyə başlaya bilər

Artıq bu il Azərbaycanda poçt şöbələri bank-maliyyə xidmətləri göstərməyə başlaya bilər
# 18 sentyabr 2008 09:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində 2008-ci ilin sonu-2009-cu ilin əvvəlində Bakı və Sumqayıt şəhərlərində yerləşən poçt şöbələrində bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsindən «APA-Economics»ə verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində yerləşən bütün poçt şöbələrinin yeni sistemə qoşulması nəzərdə tutulsa da, bu qoşulma mərhələli şəkildə həyata keçiriləcək. Poçt şöbələri layihə çərçivəsində kreditlər istisna olmaqla, digər poçt-maliyyə, o cümlədən depozit xidmətləri göstərəcək.
Poçt şöbələrinin kredit xidmətləri göstərməsinə gəldikdə, «Azətpoçt»dan bildirilib ki, hələlik bununla bağlı hər hansı plan mövcud deyil. Lakin müəyyən təcrübə əldə edildikdən sonra bu məsələyə də baxıla bilər.
Poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərə bilməsi məqsədilə «Poçt rabitəsi haqqında» qanuna dəyişikliklərin edilməsini nəzərdə tutan təkliflər Milli Məclisin müzakirəsinə çıxarılmaq üçün Prezidentin İcra Aparatına təqdim olunub. Bu təkliflər qəbul edildikdən sonra Milli Bank poçt şöbələrinin bank-maliyyə xidmətlərinin göstərə bilməsi üçün lisenziyanın verilməsi məsələsinə baxacaq.
Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan və həmin ilin oktyabrın 14-dən qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ümumi dəyəri 17,5 mln. ABŞ dollarıdır. Bunun 12,5 mln. dollarını DB Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, hazırda Azərbaycanda 65 poçt filialı, 1600-ə yaxın poçt şöbəsi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR