Bağlanmış Azərbaycan-İran sığorta şirkətinin sığorta portfelini «BE&G» şirkəti alıb

Bağlanmış Azərbaycan-İran sığorta şirkətinin sığorta portfelini «BE&G» şirkəti alıb
# 18 sentyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkəti fəaliyyətini dayandırdığına görə mövcud sığorta portfelini tam həcmdə «Benefit & Guaranty» (BE&G) sığorta şirkətinə satıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu proses «Azər-Asiya»nın İdarə Heyətinin qərarı ilə həyata keçirilib. Qeyd edək ki, portfelin birinci hissəsi «BE&G» sığorta şirkətinə bu ilin avqust ayının 11-də satılıb.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
Təsisçisi iki fiziki şəxs olan «BE&G» sığorta şirkəti isə 1998-ci ildə «Naxçıvan» şirkəti kimi fəaliyyətə başlayıb və 2001-ci ildə brendini dəyişib. Şirkətin nizamnamə kapitalı 800 min manata bərabərdir. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR