«Bank of Azerbaijan» Fransanın «Societe Generale» bankı ilə apardığı danışıqları dayandırıb

«Bank of Azerbaijan» Fransanın «Societe Generale» bankı ilə apardığı danışıqları dayandırıb
# 19 sentyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) 2009-2011-ci illər üçün hazırladığı strateji planına əsasən, mövcud səhmdarları sırasına xarici investor cəlb edə bilər.
Bankın İdarə Heyətinin sədri Müslüm Mürsəlovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla bağlı ötən ilin sonunda Fransanın «Societe Generale» bankı ilə ilkin danışıqlar aparılıb: «Lakin Fransa bankında böyük ipoteka böhranı olduğuna görə, hələlik bu məsələnin müzakirəsi dayandırılıb. Amma bankın gələcək inkişafında bu məsələ reallaşa bilər».
Bununla yanaşı M.Mürsəlov qeyd edib ki, danışıqlar zamanı «Societe Generale» bankı «Bank of Azerbaijan»nın nizamnamə kapitalında 51%-lik iştirak payına sahib olmaq istəyini bildirib. «Biz Fransana bankının Rumıniya təcrübəsini araşdırmışıq. Nəticədə bəlli olub ki, «Societe Generale» istənilən bankda nəzarət səhm paketinə sahib olduqdan sonra həmin bankın kapitalını böyük məbləğdə artırmağa başlayır. Yerli səhmdarların isə kapitalın bu səviyyədə artırılmasına gücü çatmır. Bunun nəticəsində yerli bankın tamamilə «Societe Generale»nin nəzarətinə keçməsi ehtimalı yaranır. Bu səbəbdən biz hələlik həmin danışıqları dayandırmışıq», - «Bank of Azerbaijan»ın sədri vurğulayıb.
Xatırladaq ki, «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 105,109 mln. manat, kredit portfeli 89,130 mln. manat, depozit portfeli 45 mln. manat, məcmu kapitalı 15,915 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı, 20 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR