«MBASK» şirkəti Azərbaycanda əhali üçün daha ucuz sığorta məhsulları hazırlayır

«MBASK» şirkəti Azərbaycanda əhali üçün daha ucuz sığorta məhsulları hazırlayır
# 19 sentyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın sığorta bazarında ölkə əhalisi üçün nisbətən ucuz məhsulların yaradılmasına ehtiyac var. Bunu «APA-Economics»ə açıqlamasında «MBASK» sığorta şirkətinin satış üzrə baş direktoru, İdarə Heyətinin üzvü Kamran Bağırov bildirib.
K.Bağırovun sözlərinə görə, sığorta bazarında əsasən qiymət amili ilə üzləşirik və standart məhsulların bu bazarda satışını təşkil etmək bir qədər çətindir: «Ölkə əhalisi üçün sığorta bazarında ucuz məhsulların yaradılmasına ehtiyac var. Hazırda «MBASK» şirkəti yeni sığorta məhsulları hazırlayır ki, əhalinin daha geniş kütlələri üçün bu məhsullar əlçatan olsun».
Bundan başqa, K.Bağırov qeyd edib ki, fiziki şəxslərin avtomobillərinin sığortası proqramı («QUR») çərçivəsində satış əhəmiyyətli dərəcədə artmasa da, fiziki şəxslərə göstərilən xidmətin keyfiyyəti yüksəlib. Belə ki, hər bir müştəriyə əlavə xidmətlər təqdim olunur. Bunların arasında texniki yardım, sənədlərin yığılması, müvəqqəti avtomobilin verilməsi (müştərinin avtomobili təmirdə olan müddətdə) və s. daxildir. Avtomobillərin sığortası müqavilələrində «MBASK» şirkəti istisnaları da azaldıb. İstisnalardan yalnız müəyyən yol nəqliyyat qaydalarının pozulması, içkili və ya narkotik maddənin təsiri altında avtomobilin idarə edilməsi zamanı törədilən pozuntular zmanı xidmət göstərilmir.
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Hesabat dövrü ərzində şirkətin sığorta ödənişlərinin həcmi 2,3 dəfə artaraq 3,778 mln. manata çatıb. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR