Agent banklar "AGBank" və "NBCBank" əmanətçilərinin ərizə qəbulunu başa çatdırıb

Agent banklar "AGBank" və "NBCBank" əmanətçilərinin ərizə qəbulunu başa çatdırıb
# 17 may 2021 15:29 (UTC +04:00)

Lisenziyası ləğv edilən “AGBank” ASC və “NBCBank” ASC-nin əmanətçilərinə kompensasiya ödənişi üçün ərizələrin qəbul müddəti 16 may 2021-ci il tarixindən başa çatıb.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, adı çəkilən ləğv prosesində olan bankların əmanətçilərinin kompensasiya ödənişi üçün müraciətlərinin müddətinin uzadılması ilə bağlı müvafiq sənədlərlə birlikdə ərizələrinin qəbulu artıq Fondun baş ofisində (Babək prospekti 16 ünvanında) həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin iyun ayının 16-dan bu il mayın 16-dək “AGBank” ASC-nin 4803 əmanətçisinə 121 055 519 manat (ümumi kompensasiya öhdəliyinin 90,32%-i), “NBCBank” ASC-nin 4249 əmanətçisinə 133 213 682 manat (ümumi kompensasiya öhdəliyinin 97,13%-i), hər iki bank üzrə isə toplam 9052 əmanətçiyə 254 269 201 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Əmanətlərin Sığortalanması Fondu müflis elan edilən “AGBank” və “NBCBank”ın qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki şəxslərin ödənişlərini köçürmə yolu ilə sözügedən ləğv prosesində olan bankların Azərbaycan Mərkəzi Bankında açılan xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə həmin bankların baş ofisləri (Bakı şəhəri üzrə) və filial şəbəkələrində (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirmələrini kütləvi informasiya vasitələrində, Fondun sosial media hesablarında və rəsmi veb saytında məlumat dərc edərək bildirib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “AGBank” və “NBCBank”ın bank fəaliyyətinin aparılması üçün verilən lisenziyaları ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “AGBank” ASC və “NBCBank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AGBank” və “NBCBank”ın ləğvedicisi təyin edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “AGBank” ASC və “NBCBank” ASC ilə bağlı ilk bildiriş 16.05.2020-ci il tarixində www.adif.az saytında yerləşdirilib.

Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində Fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun rəsmi saytında elan edilib və kompensasiyaların ödənilməsi prosesinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “AGBank” və “NBCBank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Kompensasiyaların çevik şəkildə və nağdsız qaydada ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilə də ölkədə tüğyan edən “Covid 19” virusu səbəbi ilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar “Azərbaycan Beynəlxalq Bankı”nın filial şəbəkəsində iki mərhələdə həyata keçirilib. İlkin olaraq 16 iyun 2020-ci il tarixindən başlayaraq “AGBank” və “NBCBank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların 15 iyul 2020-ci il tarixindən başlayaraq isə 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların verilməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR