AMB: Aprelin əvvəlinə sterilizasiya olunmuş vəsaitin qalığı 820 mln. manat olub

AMB: Aprelin əvvəlinə sterilizasiya olunmuş vəsaitin qalığı 820 mln. manat olub
# 21 may 2021 17:30 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 14 not hərracı keçirilib və bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 11-də isə 28 günlük notlar yerləşdirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, rübün sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 820 mln. manat təşkil edib. Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunmuş, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb. 2020-ci ilin sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı isə 300 mln. manat təşkil edirdi.

Qeyd edək ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, AMB ölkə iqtisadiyyatında likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb və hazırda bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir.

Xatırladaq ki, 2020-ci il ərzində iqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli bazar əməliyyatları aparırdı. COVID-19 pandemiyasının başladığı ötən ilin mart ayından bəri AMB makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik edib, bununla da sterilizasiya portfelinin durasiyası azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR