Azərbaycanda gələn il dövlət büdcəsində sosial xərclərin ÜDM-də payı 16%-dən çox olacaq

Vüqar Bayramov

© APA | Vüqar Bayramov

# 23 noyabr 2021 12:16 (UTC +04:00)

Gələn il Azərbaycanda dövlət büdcəsindən 30 mlrd. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da sosial müdafiənin gücləndirilməsi və iqtisadi islahatların maliyyə təminatının genişləndirilməsi baxımdan əhəmiyyətli məqamdır.

"APA-Economics" xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45%-dən çox olacaq.

"Büdcə xərclərinin 46,4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 mlrd. manata yaxın vəsait ayrılacağı deməkdir", - deyə V. Bayramov qeyd edib.

O həmçinin, gələn il büdcəsində mühüm məqamlardan biri də sosial xərclərin ÜDM-də payının artacağını bildirib. Belə ki, V. Bayramovun sözlərinə görə, ölkədə gələn il bu göstərici 16%-dən çox olacaq.

"Bu hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16 %, İrlandiyada 13,4%, Koreyada 12,6 %, Çilidə 12,2 %, Türkiyədə 12%, Meksikada 7,5%-dir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20%-dir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır", - deyə V. Bayramov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR