Nazir: "Azərbaycanda orta ömür uzunluğu 2035-ci ildə 78 yaşa çatacaq"

Nazir: "Azərbaycanda orta ömür uzunluğu 2035-ci ildə 78 yaşa çatacaq"
# 12 noyabr 2021 17:03 (UTC +04:00)

“Gələn ilki gəlir artımı 2022-ci ilin deyil, 2023-cü ilin indeksasiyasına təsir edəcək. Əməkhaqqı artımının pensiyalara təsirini biz 2023-cü ildə görəcəyik ki, bu da 10%-lik artım deməkdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Sosial islahatlar zərfi təsdiq edildikdən sonra biz onun bölgüsünə baxacağıq. Gələn ilki sosial paketdə əməkhaqqılar üçün nəzərdə tutulan artım ümumi orta pensiyaya çox cüzi təsir edəcək. Minimum pensiya minimum əməkhaqqının 80%-ni keçməməlidir. Bəzi ölkələrdə bu, 70-75%-dir. Amma biz stimulu saxlamalıyıq ki, insanlara işləməyə daha çox meylli olsun”, - nazir bildirib.

S. Babayev orta ömür məsələsinə də toxunub: “Azərbaycanda pandemiyaya görə orta yaşın kəskin aşağı düşməsi bir haldır. Pandemiya dövründə bizim gənclərimizin, yaşlılarımızın ölməsi bizdə orta ömür uzunluğunu kəskin aşağı saldı. Ancaq 1 ilə biz pandemiyadan əvvəlki orta ömrə qayıdacağıq. Bizim hesablarımız göstərir ki, 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78 yaşa çatacaq”.

Nazir onu da bildirib ki, əsas qlobal problem əhalinin yaşlaşmasıdır: “Orta yaş indi 26 yaşdır. 2035-ci ildə bu, daha da artacaq. Hər bir pensiya alan şəxsə 2,5-3 işləyən şəxs lazımdır. Hələlik biz bu nisbətdən aşağıyıq. Biz pensiya sistemini daha da kövrəltməməliyik. Muzdluların və yığımların sayını artırmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR