Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək İtaliyaya 2,8 milyard ABŞ dolları investisiya yatırıb.
"APA- Economics” xəbər verir ki, bu barədə ARDNF-in icraçı direktorunun müavini Rövşən Cavadov Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İtaliya fondun qlobal fəaliyyətində xüsusi yerə malikdir: “Belə ki, İtaliya portfeldəki həcminə görə İtaliya ilk dördlükdədir və bu günə qədər Dövlət Neft Fondu tərəfindən İtaliyaya 2,8 milyard ABŞ dolları investisiya edilmişdir. Bu da portfelin təqribən 4 faizi deməkdir”.
Rövşən Cavadov həmçinin əlavə edib ki, ARDNF İtaliyanın suveren fondu olan CDP Equity ilə də tərəfdaşlıq etməyə hazırdır.
Onun sözlərinə görə, Fond beynəlxalq səviyyədə də digər suveren fondlarla sıx əməkdaşlıq edir və Suveren Sərvət Fondlarının Beynəlxalq Forumunun əsas təsisçilərindən biridir: “Bu forum təqribən 10 trilyondan çox vəsaiti idarə eləyən 40-dan çox suveren fondu əhatə edir. Bundan əvvəlki paneldə də qeyd edildiyi kimi Dövlət Neft Fondu artıq 2028-ci ildə həmin bu forumun növbəti iclasını Bakıda keçirəcək və Dövlət Neft Fondunun icraçı direktoru növbəti iki il ərzində bu forumun müşahidə şurasına rəhbərlik edəcəkdir. Bu çərçivədə biz də İtaliyanın suveren fondu olan CDP Equity ilə tərfdaşlıq etməyə hazırıq”.