Palata: Subsidiyaları tənzimləyən meyarların olmaması onların istifadəsinin effektivliyinə təsir edə bilər

Palata: Subsidiyaları tənzimləyən meyarların olmaması onların istifadəsinin effektivliyinə təsir edə bilər
# 11 noyabr 2021 11:23 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası dövlət müəssisələrinə subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmamasını onların istifadəsinin effektivliyinə təsir edə biləcək hal kimi qiymətləndirir.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirilir. Rəydə 2019-2022-ci illər üzrə dövlət müəssisələrinə ayrılan subsidiyaların məbləği davamlı olaraq artması və bu istiqamətdə ayrılan vəsaitin növbəti il üçün proqnozlaşdırılmış subsidiyaların tərkibində ən böyük pay göstəricisinə malik olacağı nəzərdə tutulması əks olunub.

Palata qeyd edir ki, 2022-ci ilin dövlət büdcəsində iqtisadi təsnifatın "Subsidiyalar" bölməsi üzrə 1 440,2 mln. manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da ötən ilin faktiki icrasından 33,5% çox, cari ilin gözlənilən icrasından isə 11,3% azdır. Qeyd olunan vəsaitin 48,4%-i dövlət müəssisələri, 5,6%-i qeyri-dövlət müəssisələri, 46%-i isə hüquqi şəxslərə digər subsidiyalar üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ili büdcə layihəsində Kütləvi informasiya vasitələrinə, o cümlədən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə 51,9 mln. manat, "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə 41,1 mln. manat, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə 33 mln. manat, nəqliyyat və rabitə xərcləri üçün 217,6 mln. manat, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 100 mln. manat, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi və sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı xərclər üçün 18,8 mln. manat, bələdiyyələrə 4,3 mln. manat, subsidiya nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR