Qazaxıstanda 2017-ci ildən bəri maksimum bahalaşma qeydə alınıb

Astana

© APA | Astana

# 14 iyul 2021 14:14 (UTC +04:00)

Bu ilin iyun ayında Qazaxıstanda inflyasiya 1,1% təşkil edib ki, bu da 2017-ci ilin sonundan bəri ən yüksək aylıq qiymət artımıdır. İyunda illik inflyasiya səviyyəsi may ayındakı 7,2%-dən 7,9%-ə yüksəlib.

"APA-Economics"in məlumatına görə, bu barədə Qazaxıstan Milli Bankının açıqlamasında deyilir.

Tənzimləyici inflyasiya strukturundakı sürətlənmənin bütün komponentlərdə – qida və qeyri-ərzaq məhsulları, pullu xidmətlərdə müşahidə olunduğunu bildirib. Lakin inflyasiya səviyyəsinə əsasən ərzaq məhsullarının bahalaşması təsir edib.

İyunda ərzaq qiymətlərinin illik artım tempi may ayındakı 9,3%-dən 10,6%-ə yüksəlib. Hesabat ayında tərəvəz, xüsusilə kartof, yerkökü, çuğundur qiymətləri əhəmiyyətli dərəcədə artıb – illik nisbətdə 7,9%-dən 30,6%-dək. Bu məhsulların qiymətlərinin artım tempi son illərdə rekord səviyyədə olub. Bitki yağı və şəkərin qiymətləri də əhəmiyyətli dərəcədə artıb.

İyunda qeyri-ərzaq məhsullarının qiymətlərinin illik artımı may ayındakı 6,7%-dən 6,9%-ə qədər sürətlənib. Benzin, geyim, avtomobil, mebel və məişət texnikası kimi uzunmüddətli məhsulların qiymətində artım müşahidə olunub.

2021-ci ilin iyun ayında pullu xidmətlər qiymətlərindəki illik artım kommunal xidmətlər üçün tariflərin artması və müəyyən bazar xidmətlərinin bahalaşması səbəbindən 2021-ci ilin may ayındakı 5,1%-ə qarşı 5,6%-dək sürətlənib. Nəqliyyat xidmətləri, əsasən hava, turizm, fərdi qulluq və ev təmir kimi xidmətlər bahalaşıb. Məktəbəqədər təhsil və mobil rabitə sahəsində də cüzi bahalaşma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR