Qlobal idxal məhsulları 10% bahalaşacaq - PROQNOZ

Qlobal idxal məhsulları 10% bahalaşacaq - PROQNOZ
# 22 noyabr 2021 12:40 (UTC +04:00)

Dəniz nəqliyyatında tədarük zəncirlərindəki problemlər, habelə konteyner daşımaları üzrə tariflərin kəskin artması pandemiyadan sonrakı qlobal bərpa prosesinə mane ola bilər. Bu da, öz növbəsində, idxalın dəyərinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) dəniz nəqliyyatına həsr olunmuş yeni hesabatında deyilir. Hesabata görə, ən çox bu mənfi amillərdən dəniz tədarükündən asılı, inkişaf etməkdə olan sahilyanı və kiçik ada ölkələri təsirlənə bilər. Lakin bu, dünyanın ən böyük iqtisadiyyatlarına – ABŞ və Avropa İttifaqına da mənfi təsir göstərəcək.

"Gəmiçilik şirkətləri və liman operatorları qlobal tədarük zəncirinin pozulmasının ən azı 2022-ci ilə qədər davam edəcəyini gözləyirlər. Müvafiq olaraq, konteynerlərlə yükdaşıma tariflərində müşahidə olunan artım 2023-cü ilədək davam edərsə, qlobal idxal qiymətləri orta hesabla 10,6% arta bilər", - hesabatda deyilir.

UNCTAD-a görə, ABŞ və Avrozona ölkələrində konteynerlərlə yüklərin daşınması tariflərinin 10% artması sənaye istehsalının təqribən 1% azalmasına səbəb ola bilər.

Təşkilat bəzi malların konteyner daşıma tariflərindəki artımdan digərlərinə nisbətən daha çox təsirlənəcəyini proqnozlaşdırır. Bu, məsələn, Şərqi Asiyadan Şimali Amerika və Avropa bazarları üçün nəzərdə tutulan mallara – kompüterlərə, elektron və optik məhsullara aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR