Yuxarı Qarabağda qışda tikinti üçün əlavə xərclərin hesablanma qaydası müəyyənləşib

Yuxarı Qarabağda qışda tikinti üçün əlavə xərclərin hesablanma qaydası müəyyənləşib
# 31 may 2021 12:54 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində qış dövrünün müddətləri və tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normalarına tətbiq olunan əmsallar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Beləliklə, Naxçıvan Muxtar Respublikası və Yuxarı Qarabağ bölgəsinə təyin olunmuş qış vaxtı 20.XII - 25.II (20 dekabr - 25 fevral) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına 0,8 əmsal tətbiq olunacaq.

Daşkəsən və Kəlbəcər rayonlarına ən uzunmüddətli qış vaxtı və əlavə xərc smetasına ən yüksək əmsal müəyyənləşib. Daşkəsən və Kəlbəcər rayonlarına təyin olunmuş qış vaxtı 1.XII - 20.III (1 dekabr - 20 mart) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına 1,3 əmsal tətbiq olunacaq.

Gədəbəy və Quba rayonlarına təyin olunmuş qış vaxtı 15.XII -10.III (15 dekabr- 10 mart) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına 1 əmsal tətbiq ediləcək. Qusar rayonuna təyin olunmuş qış vaxtı 25.XII - 1.III (25 dekabr- 1 mart) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına 0,8 əmsal müəyyənləşib.

Laçın, Qəbələ və Şamaxı rayonlarına təyin olunmuş qış vaxtı 1.I -10.II (1 yanvar- 10 fevral) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına tətbiq ediləcək əmsal 0,5 olacaq.

Qazax, Oğuz və Şəmkir rayonlarına ən qısamüddətli qış vaxtı və əlavə xərc smetasına ən aşağı əmsal müəyyənləşib. Qazax, Oğuz və Şəmkir rayonlarına təyin olunmuş qış vaxtı 5.I - 25.I (5 yanvar- 25 yanvar) tarixlərini əhatə edir və bu dövrdə əlavə xərclərin smeta normalarına 0,2 əmsal müəyyənləşib.

Siyahıda Azərbaycanın digər bölgələri üçün tikinti-quraşdırma işlərilə ilə bağlı qış dövrünün müddəti və əlavə xərclərin smeta normalarına əmsallar müəyyənləşməyib.

Qeyd edək ki, qış vaxtında yerinə yetirilən işlərin mürəkkəbləşməsi ilə bağlı əlavə xərclərə açıq havada və isidilməyən 29 otaqlarda işlər yerinə yetirilən zaman işçilərə əlavə ödənişlərin verilməsi, həmçinin ayrı-ayrı tikinti işlərinin yerinə yetirilmə texnologiyasının dəyişilməsi, tikinti materiallarının artıq sərfiyyatı ilə bağlı tikinti maşınlarının istismarına (yanacaq-sürtkü materiallarının daha çox sərfiyyatı, maşinistlərin əmək məhsuldarlığının azalması və s.), donmuş qruntların yumşaldılmasına və s. sərf olunan əlavə xərclər aiddir. Ölkə üzrə qış dövrünün orta aylıq mənfi temperaturlarından orta göstəricisi 3ºC-yə qədər təşkil edir.

İşlər yerinə yetirilən zaman xarici havanın faktiki temperaturundan asılı olmayaraq nəzərdə tutulmuş qış dövrünün hesabi müddəti hər konkret tikinti üçün qeyd olunan ərazi bölgüsünə əsasən təyin olunur. Azərbaycanın yuxarıda sadalanan bölgələrinə aid olmayan ərazilərdə qış vaxtında işlərin yerinə yetirilməsinin spesifik şəraitlərinə əsasən yaranan əlavə xərclər xarici havanın orta sutkalıq temperaturu 0ºC-dən az olduqda, əlavə xərclər ödənilə bilər. Belə halda yerinə yetirilən bütün işlərin həcmi üçün hesablanmış əlavə xərclərin məbləği bütün iş həcmlərinin yerinə yetirildiyi dövrdə xarici havanın sutka üzrə orta temperatur 0ºC-dən az olan iş günlərinin sayının təqvim üzrə iş günlərinin ümumi sayına nisbətən proporsional azaldılır. Mənfi temperaturlu iş günlərinin sayı meteoroloji xidmətin məlumatlarına əsasən meteoroloji xidmət olmadıqda isə sifarişçinin və podratçının məlumatına əsasən qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR