Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,6% azalıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 1,6% azalıb
# 14 oktyabr 2020 12:13 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28 054,9 mln. manatlıq, o cümlədən 15 121,4 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 933,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,6%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,3% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1% artıb.

Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Bu ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,8%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23%-i ticarət müəssisələri, 51,9%-i fərdi sahibkarlar tərəfindən, 25,1%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8%, fərdi sahibkarlar üzrə 2,9% artıb, bazar və yarmarkalarda isə 16% azalıb.

Bu ilin doqquz ayında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312,6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,1 manatlıq qeyri-ərzaq malları alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR