IFC Azərbaycan Mərkəzi Bankı ilə müqavilə imzalayıb

IFC Azərbaycan Mərkəzi Bankı ilə müqavilə imzalayıb
# 18 avqust 2020 19:09 (UTC +04:00)

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), fiziki və hüquqi şəxslərin, xüsusilə də mikro, kiçik və orta müəssisələrin (MKOM) iqtisadi fəaliyyətini artırmaq üzrə hökumət səylərinin tərkib hissəsi olmaqla ölkədə rəqəmsal ödənişlər mühitini təkmilləşdirmək üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə müqavilə imzalayıb.

APA-nın məlumatına görə, bu müqavilə üzrə fəaliyyət Azərbaycanın maliyyə sektorunda innovasiyaların artması və rəqabətin genişlənməsinə kömək etmək məqsədilə IFC tərəfindən həyata keçirilən davamlı səylərin tərkib hissəsidir. Fəaliyyətə rəqəmsal maliyyə xidmətləri üçün infrastrukturun yaradılması daxil olacaq. Bu da öz növbəsində mənfəətliliyin artması və özəl müəssisələrin böyüməsinə dəstək verilməsinə, o cümlədən bazarın investisiya üçün açılmasına səbəb olacaq. Bu fəaliyyət, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində aparılır.

IFC Mərkəzi Bank ilə birlikdə bank və müəssisələrin innovativ maliyyə xidmətləri və məhsullarını sınaqdan keçirməyə icazə verən xüsusi tənzimləyici test rejiminin yaradılması üzərində işləyəcək. Layihə Ani Ödənişlər Sisteminin təkmilləşdirilməsini dəstəkləyəcək və müştərilərin bank xidmətlərini rəqəmsal yolla, bank filiallarına gəlmədən məsafədən əldə etmələrinə və həmin xidmətlərə çıxışın asanlaşdırılmasına imkan yaradacaq.

IFC-nin Cənubi Qafqaz üzrə Regional Meneceri cənab Yan Van Bilsen bildirib ki, elektron və rəqəmsal maliyyə xidmətləri müasir maliyyə sisteminin vacib elemetləridir və pandemiya dövründə daha mühüm əhəmiyyət kəsb edir: “Bizim birgə səylərimiz bu xidmətlərin inkişafını, fiziki və hüquqi şəxslərin həmin xidmətləri daha tez, yerlərini tərk etmədən əldə etmələrini dəstəkləyəcəkdir və həmçinin Azərbaycan bank sisteminin müasirləşməsinə və daha çox investisiyalar üçün açılmasına kömək edəcək”.

Fəaliyyət bank xidmətlərinə çıxışı olmayan, xüsusilə də ölkədə bank filiallarının olmadığı ucqar yerlərdə yaşayan şəxslərin faydalanması məqsədilə həyata keçiriləcək. Eyni zamanda, rəqəmsal maliyyə xidmətləri barədə məlumatlılığın artırılması və ölkədə maliyyə savadlılığının yüksəlməsinə dəstək verilməsi başlıca hədəflərdən olacaq.

Bu fəaliyyət, koronavirus pandemiyası dövründə mənfi təsirli çağırışlara qarşı Azərbaycan bank sisteminin daha müqavimətli olmasını dəstəkləmək istiqamətində IFC-nin səylərinin tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR