Ləğv olunmuş son dörd bankın kompensasiya ödənişləri açıqlanıb

Ləğv olunmuş son dörd bankın kompensasiya ödənişləri açıqlanıb
# 03 may 2021 15:06 (UTC +04:00)

Kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, kapitallarını tam itirdiklərinə görə “AtaBank” ASC, “Amrahbank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən sözügedən banklar müflis elan olunub, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici təyin edilib.

ƏSF-dən “APA-Economics”ə verilən məlumata görə, qlobal miqyasda və ölkə daxilində baş verən COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və xüsusilə də Fond əməkdaşlarının növbəli iş rejiminin yaratdığı çətinliklərə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bir ildən az zaman ərzində müflis elan edilən son 4 bank üzrə kompensasiyalarının təmin edilməsində yüksək nəticələr əldə edib.

Fond sözügedən banklar üzrə kompensasiyaların tam ödənilmə prosesini qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşmasını həyata keçirəcək.

Məlum olduğu kimi, sığorta hadisəsi baş verən, lisenziyaları ləğv edilən və ƏSF ləğvedicisi təyin olunan “Ata Bank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”ın toplam 24 688 əmanətçisinə bir ildən az zaman ərzində 640 mln. manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilib.

Belə ki, ötən ilin iyun ayının 16-dan cari ilin aprel ayının tamamınadək agent bank olaraq təyin edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan “AGBank” və “NBC Bank”ın toplam 9009 əmanətçisinə 254 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 93,7%-i) ödənilib.

Həmçinin, ötən ilin iyun ayının 1-dən cari ilin aprel ayının sonunadək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrahbank” və “AtaBank”ın toplam 15 679 əmanətçisinə 386 mln. manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 95,34%-i) ödənişi həyata keçirilib.

ƏSF 2007-ci il 12 avqust tarixində əmanətlərin sığortalanması, ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək məqsədləri üçün yaradılıb. Banklarda sığorta hadisəsi baş verdikdə Fond əmanətçilərin kompensasiyalarının ödənilməsini qanunvericiliklə müəyyən olunan qaydada təmin edir, eləcə də sözügedən maliyyə institutlarının ləğvedicisi kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR