"Moody’s" Azərbaycanın bank sektoru üzrə proqnozunu azaldıb

"Moody’s" Azərbaycanın bank sektoru üzrə proqnozunu azaldıb
# 13 aprel 2020 15:03 (UTC +04:00)

"Moody’s" beynəlxalq reytinq agentliyi koronavirus pandemiyası (COVID-19) və ucuzlaşan neft fonunda Azərbaycanın bank sistemi üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, ölkədəki bankların gəlirliyi, borcların konsolidasiya olunması və itkiləri ödəmək üçün xərclərin artması səbəbindən zəifləyəcək. Bununla belə, dövlətin bank sisteminin ölçüsünə nisbətən böyük ehtiyatlara sahib olması bu sektorun, xüsusən də ən böyük bankları dəstəkləmək bacarığı güclü və stabil qalacaq.

"Moody’s" qeyd edir ki, iqtisadiyyatın və kiçik və orta bizneslərin dəstəkləməsi tədbirlərinə baxmayaraq, problemli kreditlər və təminat haqlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir və bunun əsas səbəbi kimi, şirkətlər və fərdlərin qəfil pisləşən iqtisadi vəziyyətlə üz-üzə qalması göstərir.

Reytinq agentliyi ehtimal edir ki, 2019-cu ilin sonunda ölkənin bank sektorundakı kreditlərin üçdə ikisi koronavirus pandemiyası ilə əlaqədar risklərə məruz qalıb. Bundan əlavə, bankların xalis faiz gəlirləri əmanət axınının qarşısını almaq üçün maliyyə xərcləri artdıqca daralacaq və bu, yerli valyutada olan əmanətlərinin xarici valyutaya kütləvi çevrilməsi ilə başlaya bilər.

"Moody’s" onu da vurğulayıb ki, 2019-cu ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən toplanan ümumi ehtiyatlar ÜDM-in təxminən 90%-nə bərabər olub və dövlət iqtisadiyyata və bank sisteminə dəstək vermək üçün yaxşı maliyyə mövqeyinə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR