Rusiya XİN Lavrovun AŞNK-nin Tbilisidə keçiriləcək iclasında iştirakına münasibət bildirib

Rusiya XİN Lavrovun AŞNK-nin Tbilisidə keçiriləcək iclasında iştirakına münasibət bildirib
# 11 fevral 2020 12:59 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstan müxalifətinin Sergey Lavrovun may ayında Tbilisidə keçiriləcək Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin iclasında mümkün iştirakına etiraz etməsinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN başçısının müavini Andrey Rudenko “RİA Novosti”yə müsahibəsində bu cür təxribatçı bəyanatların ölkəsini narahat etdiyini vurğulayıb.

“Lakin biz daha çox Tbilisinin rəsmi mövqeyinə yönəlmişik. Hesab edirik ki, Avropa Şurasına üzv ölkələr öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti də belə edəcək. Qaldı ki Rusiyanın Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirakı səviyyəsinə, Moskvada bu mövzuda bütün mümkün amillər nəzərə alınaraq qərar veriləcək”, - deyə A. Rudenko qeyd edib.

Xatırladaq ki, bu ilin may ayında Gürcüstanda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək.

Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik ötən ilin noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrliyi dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR