Acarıstandan köçürülmüş müsəlmanlar dinlərini dəyişmək məcburiyyətində qalıblar

Acarıstandan köçürülmüş müsəlmanlar dinlərini dəyişmək məcburiyyətində qalıblar
# 05 iyun 2007 10:30 (UTC +04:00)
Acarıstan Muxtar Respublikasının Xuinsk rayonundan köçürülmüş müsəlmanlar dinlərini dəyişmək məcburiyyətində qalıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, miqrantların bildirdiyinə görə, onlar Pankisi dərəsinin Koret kəndində məskunlaşdırıldıqdan sonra Axmeteli rayonun başçısı Qamqebelinin təkidi ilə dinlərini dəyişiblər. Buna səbəb isə müsəlmanlara qarşı fiziki güc göstərilməsi olub. 39 yaşlı Nino Beridze APA-ya bildirib ki, müsəlman kimi yaşamaq çox çətin olub. Çünki onlara qarşı yerli sakinlər tərəfindən ayrı-seçkilik olub: “Mənim üç övladım xristianlığı qəbul etmək məcburiyyətində qalsa da, mən və həyat yoldaşım Zurab Disamidze müsəlmanlıqdan üz çevirmədik”.
Qeyd edək ki, Koreti kəndində hal hazırda 25 gürcü, 28 acar və 10 osetin ailəsi yaşayır. Kəndə nə xəstəxana , nə də məscid var. Təhsil almaq üçün isə yalnız 4 sinifli məktəb fəaliyyət göstərir. İçməli su da böyük problemdir. 2005-ci ilin martında Acarıstanın Xuinsk rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində bu kəndə köçürülən 36 acar ailəsi hələ də Dövlət Proqramına əsasən almalı olduqları 1500 lari və bir maşını hələ də ala bilməyiblər.
Acarıstanın Muxtar Respublikasının dövlət nümayəndəsi Mamuka Nakaşidze isə müsəlmanlara qarşı edilən zorakılıqdan xəbəri olmadığını deyib: “Əgər lazım gələrsə dövlət faktla bağlı araşdırma apara bilər, amma bunun üçün əvvəlcə müsəlmanların müraciət etməsi lazımdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR