Gürcüstanın sabiq müdafiə və iqtisadi inkişaf naziri İrakli Okruaşvili həbs edilib

Gürcüstanın sabiq müdafiə və iqtisadi inkişaf naziri İrakli Okruaşvili həbs edilib
# 28 sentyabr 2007 09:25 (UTC +04:00)
Telekanalın operatoru həbs məqamını videolentə köçürsə də, onun kamerası əlindən alınıb. İ. Okruaşvili yenicə yaratdığı partiyanın ofisində saxlanılıb və bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib. Onunla birlikdə daha bir neçə nəfər həbs olunub. Hazırda ofis mühasirəyə alınıb və içəridə istintaq qrupu işləyir. Sabiq nazir əvvəlcə Baş Prokurorluğa, sonra isə Daxili İşlər Nazirliyinin Konstitusiya Təhlükəsizliyi Departamentinə aparılıb. Baş prokurorun müavini Nikoloz Qvaramiya bildirib ki, İ. Okruaşvili dələduzluq, çirkli pulların yuyulması, səlahiyyət həddini aşma, həmçinin müdafiə naziri olarkən xidməti səhlənkarlığa yol verməkdə ittiham olunur. Vəkil Yekaterina Beseliya isə deyib ki, İ. Okruaşvili özünü günahkar saymır və onunla siyasi məqsədlə haqq-hesab çəkildiyini düşünür: “Okruaşvili şübhəli şəxs qismində saxlanılıb. O, özünü qətiyyən günahkar saymır və siyasi məhbus olduğunu bildirir”.
Qeyd edək ki, İ. Okruaşvili Gürcüstanda 2003-cü ildə baş verən “qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələn Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından biri olub. O, 2004-cü ilin dekabrında müdafiə naziri təyin edilib. 2006-cı il noyabrın 10-da hökumətdə aparılan yerdəyişmələr nəticəsində iqtisadi inkişaf naziri vəzifəsinə gətirilib. Ancaq cəmi bir həftə sonra noyabrın 17-də bu vəzifədən istefa verib. M. Saakaşvili bunu İ. Okruaşvilinin xaricdə təhsilini davam etdirmək istəyi ilə əlaqələndirib. On bir ay sonra 2007-ci il sentyabrın 25-də sabiq nazir mətbuat konfransı keçirərək “Vahid Gürcüstan Naminə” adlı müxalifət hərəkatı yaratdığını elan edib. Elə həmin günün axşamı o, “İmedi” televiziyasının efirində sensasiyalı bəyanatlar verib. İ. Okruaşvili bildirib ki, nazir olarkən prezident M. Saakaşvili ona iş adamı Badri Patarkatsişvilini aradan götürməyi tapşırıb. O, dövlət başçısını və ətrafını ölkədə biznesin ayrı-ayrı sahələrinə, həmçinin silah ticarətinə nəzarəti ələ keçirməkdə ittiham edib. Keçmiş nazirin televiziya ilə çıxışından bir neçə saat əvvəl Maliyyə Nazirliyi Gəlir Xidmətinin istintaq departamentindən bildiriblər ki, İ. Okruaşvilinin partiyasının Tiflisin tarixi mərkəzində, Antoneli küçəsində bina alması faktı araşdırılır. İlkin məlumata görə, sövdələşmənin rəsmiləşdirilməsi zamanı vergidən yayınmaq üçün saxta alqı-satqı müqaviləsi hazırlanıb və müqavilədə real olaraq ödənən 1 milyon 800 min dollar əvəzinə 250 min lari göstərilib. İstintaq ödənən məbləğin də qanuniliyini araşdırır.
Məsələyə münasibət bildirən ABŞ dövlət katibini köməkçisi Metyu Brayza Gürcüstan hakimiyyətinə açıq dəstək verib. O, Nyu-Yorkda gürcü jurnalistlərinə açıqlamasında həbsin səbəbinin kriminal cinayət olduğunu söyləyib: “İrakli Okruaşvilinin həbsini yenicə öyrəndim. Əgər hansısa insan cinayət törədibsə, buna görə cavab verməlidir”. Onun sözlərinə görə, bu fakt Gürcüstanda qanunun aliliyinin təmin edilməkdə olduğunu göstərir: “Bütün digər məsələləri məhkəmə müəyyənləşdirərək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR