Gürcü politoloqu prezident seçkilərinin ikinci tura qalacağını proqnozlaşdırır

Gürcü politoloqu prezident seçkilərinin ikinci tura qalacağını proqnozlaşdırır
# 13 noyabr 2007 14:25 (UTC +04:00)
“Gürcüstanda gələn il yanvarın 5-də keçiriləcək prezident seçkilərinin nəticəsini proqnozlaşdırmaq mümkün deyil”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu politoloq Ramaz Sakverelidze deyib. O, indiki prezident Mixail Saakaşvili ilə müxalifətin şansının eyni olduğunu bildirib: “Müxalifətin qələbə şansı var. Hazırda Mixail Saakaşvili ilə müxalifəti təmsil edən fiqurların reytinqi praktik olaraq eynidir. Prezidentlik uğrunda əsl mübarizə ikinci turda gedəcək”. Politoloqun fikrincə, ikinci turda seçicilərin səsləri yalnız iki namizəd arasında bölünəcəyi üçün bütün hakimiyyət əleyhdarları müxalifətin namizədini dəstəkləyəcək: “Bu fiqur odioz olmasa və seçkiqabağı proqramı effektli hazırlansa, onun qalib gəlmək şansı yüksəkdir”. R. Sakverelidze noyabr hadisələrindən sonra Mixail Saakaşvilinin reytinqinin aşağı düşdüyünü, indiki prezidentin seçkilərdə 50 faiz səs almasının çox çətin olacağını söyləyib: “Ancaq nəzərə almaq lazımdır ki, Mixail Saakaşvili gözəl “siyasi güləşçi”dir. Mən onun öz reytinqini yüksəltmək üçün qeyri-adi və effektli addım atacağını istisna etmirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR