İrakli Okruaşvili haqqında axtarış elan olunub

İrakli Okruaşvili haqqında axtarış elan olunub
# 15 noyabr 2007 09:17 (UTC +04:00)
Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili haqqında axtarış elan olunub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis şəhər Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında daha əvvəl girov müqabilində azadlığa buraxılmış İ. Okruaşvili haqqında yenidən ilkin həbs qətimkan tədbiri seçib. Prokurorluq müraciətini iki səbəblə əsaslandırıb. Birincisi budur ki, hazırda Almaniyada olan sabiq nazir ifadə vermək üçün prokurorluğa gəlməyib. O, nə telefon zənglərinə, nə də SMS-lərə cavab verməyib. İkinci səbəb isə budur ki, 10 milyon lari (6 milyon dollar) girovun 3,5 milyon larilik hissəsini ödəyən iş adamı Tamaz Nijaradze İ. Okruaşvilinin vətənə qayıdacağına əmin olmadığını söyləyərək girov qoyduğu pulu və əmlakı geri istəyib. Keçmiş nazirin vəkili Eka Beseliya isə xatırladıb ki, İ. Okruaşvilinin indiyədək görünməmiş məbləğdə girovun əvəzində ölkəni tərk etməsinə məhz Baş Prokurorluq icazə verib. Onun sözlərinə görə, hətta T. Nijaradze öz pulunu geri alsa belə, qoyulan girovun 6,5 milyon lari miqdarında hissəsi qalır ki, bu da İ. Okruaşvilinin qayıdışının və istintaqla əməkdaşlığının təminatı sayıla bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR