Zviad Dzidziquri: “Levan Qaçeçiladze Gürcüstanın sonuncu prezidenti olacaq”

Zviad Dzidziquri: “Levan Qaçeçiladze Gürcüstanın sonuncu prezidenti olacaq”
# 15 noyabr 2007 11:19 (UTC +04:00)
“Levan Qaçeçiladze Gürcüstanın sonuncu prezidenti olacaq. Qaçeçiladze prezident seçildikdən sonra biz referendum yolu ilə ölkənin idarə üsulunu dəyişərək parlamentli respublika quracağıq. Daha sonra parlament seçkiləri keçirəcək və qalib gələcəyik”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında birləşmiş müxalifətin liderlərindən biri, Mühafizəkarlar Partiyasının sədri, deputat Zviad Dzidziquri deyib. O, birləmiş müxalifətin nəyə görə məhz Levan Qaçeçiladzenin namizədliyi üzərində dayandığını belə izah edib: “Levan Gürcüstanda çox məhşurdur, cəsur insandır və ona inananların sayı çoxdur. Eyni zamanda, Levan Tiflisin ən məşhur rayonu sayılan Vakedən deputat seçilib və Saakaşviliyə qarşı ən layiqli namizəddir”. Millət vəkili müxalifətin 2 noyabrda qarşısına qoyduğu məqsədlərə çatıb-çatmadığı ilə bağlı suala cavab verməkdə çətinlik çəkib: “Biz bu suala yanvarın 6-da cavab verəcəyik. Amma bizim əsas naliyyətimiz bütün xalqı ayağa qaldırmaq oldu”. Z. Dzidziquri Leyboristlər Partiyasının lideri Şalva Natelaşvilinin birləşmiş müxalifətdən ayrılaraq namizədliyini irəli sürməsini bu siyasi qüvvənin məğlubiyyəti kimi qiymətləndirib. Onun fikrincə, bu addım Ş. Natelaşvilinin özündən başqa heç kimə ziyan vurmur.
Gürcüstan parlamentinin başqa bir müxalifətçi deputatı - Kaxa Kukava isə müxalifət liderləri arasında qarşıdurma yaranmaması üçün bitərəf L. Qaçeçiladzenin namizədliyini irəli sürdüklərini deyib: “Birləşmiş müxalifətin liderlərindən kimisə seçmək problem yarada bilərdi”.
L. Qaçeçiladzenin özü isə seçkilərdə qalib gələcəyinə inanır: “Bütün müxalifət və xalq mənim arxamdadır. Əgər seçkilər şəffaf keçirilərsə, mən qalib gələcəyəm”. L. Qaçeçildaze birləşmiş müxalifət tərəfindən əvvəlcə 6 nəfərin namizədliyinin müəyyənləşdirildiyini, seçirilən səsvermə nəticəsində 2 nəfərin ikinci tura keçdiyini və yekun səsvermədə özünün qalib gəldiyini açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR