Levan Qaçeçiladze: “Gürcüstanın MDB-də qalması mənasızdır”

Levan Qaçeçiladze: “Gürcüstanın MDB-də qalması mənasızdır”
# 21 noyabr 2007 13:00 (UTC +04:00)
Birləşmiş gürcü müxalifətinin prezidentliyə namizədi Levan Qaçeçiladze bu gün Tiflis Mətbuat Klubunu “RİA Novosti”nin Moskva ofisi ilə əlaqələndirən videokonfransda çıxış edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, videokonfransın əvvəlində o, “Rustavi-2” və “Mze” telekanallarının çəkiliş qruplarının zalı tərk etməsini istəyib. L. Qaçeçiladze bu telekanalların hadisələri birtərəfli işıqlandırdığını, həqiqətləri əhalidən gizlətdiyini, dezinformasiya ilə məşğul olduğunu və Mixail Saakaşvilinin seçkiqabağı təbliğatını apardığını bildirib. O, M. Saakaşvilinin güc metodları ilə hakimiyyəti öz əlində saxlamağa çalışdığını söyləyib: “Gürcüstanda müxalifətə qarşı terror davam edir, indiyə qədər min nəfər saxlanılıb, yüzlərlə insan yaralanıb, hətta güllə yarası alanlar da var. Bu, Saakaşvilinin zorakılıq siyasətinin nəticəsidir”. L. Qaçeçiladze başlıca məqsədinin ölkənin Konstitusiya quruluşunu dəyişdirmək olduğunu açıqlayıb: “Gürcüstanın Konstitusiya quruluşu parlamentli respublika olmalıdır. Prezident postunu saxlamaq da mümkündür, amma onun çox məhdud səlahiyyətləri olmalıdır. Əsas hakimiyyət isə parlamentin əlində cəmləşməlidir”. Xarici siyasət mövzularına da toxunan L. Qaçeçiladze Gürcüstanın MDB-də qalmasının mənasız olduğunu bəyan edib: “Şəxsən mən antidemokratik proseslərin getdiyi bu məkanda qalmağa əsas olmadığını düşünürəm. Ancaq mən birləşmiş müxalifətin namizədi olduğumdan seçkidə qələbəmdən sonra bu barədə qərarı komandamız verəcək. Komanda başqa cür qərar qəbul etsə, tabe olacağam”. L. Qaçeçiladzenin fikrincə, Belarus prezidenti Aleksandr Lukaşenkonun olduğu bir təşkilatda təmsil olunmaq düzgün deyil. Seçkidə qalib gələcəyi təqdirdə Rusiya ilə münasibətləri yaxşılaşdıracağını vurğulayan prezidentliyə namizəd bununla yanaşı, Gürcüstanın Qərb və NATO-ya istiqamətlənmiş siyasətinin dəyişməyəcəyini bildirib: “Rusiya birdəfəlik anlamalıdır ki, Gürcüstan da onun kimi bir dövlətdir. Münasibətlərdə gərginlik daha çox Rusiyanın günahı ucbatından yaranıb. Rusiya bizə bərabərhüquqlu tərəf kimi yox, tabeliyindəki ölkə kimi baxır, bu isə qəbuledilməzdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR