Tiflisdə ikinci müddətə Gürcüstan prezidenti seçilmiş Mixail Saakaşvilinin andiçmə mərasimi keçirilib

Tiflisdə ikinci müddətə Gürcüstan prezidenti seçilmiş Mixail Saakaşvilinin andiçmə mərasimi keçirilib
# 20 yanvar 2008 11:41 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Konstitusiyaya əl basan M. Saakaşvili Allah və xalqı qarşısında Gürcüstanın Konstitusiyasını, müstəqilliyini, ərazi bütövlüyünü qoruyacağına, prezident səlahiyyətlərini ləyaqətlə yerinə yetirəcəyinə, vətəndaşlarının təhlükəsizliyinin və rifahının qayğısına qalacağına and içib.
Prezident Gürcüstan-Rusiya münasibətlərinə də toxunub: “Hələ dörd il əvvəl biz Rusiyaya dostluq və əməkdaşlıq əlimizi uzatdıq. Bu gün mən həmin hərəkəti və həmin sözləri təkrarlamaq istəyirəm. Mən yenidən şimal qonşumuza əməkdaşlıq əlimi uzadıram. Biz dostluq etməli, yaxınlaşmalı, bir yerdə durmalıyıq”.
Qeyd edək ki, andiçmə mərasimi Rustaveli prospektində - Gürcüstan parlamentinin binası qarşısında keçirilib. Mərasimdən sonra Gürcüstan Silahlı Qüvvələrinin 2500 hərbçisinin iştirakı ilə hərbi parad olub. Andiçmə mərasimində 20 ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edib. Qonaqlar arasında Polşa, Rumıniya, Estoniya, Litva və Latviyanın prezidentləri, Rusiya, İsveç, Ermənistan və İranın xarici işlər nazirləri, Qazaxıstan və Azərbaycanın baş nazirləri, Ukrayna baş nazirinin müavini, Türkmənistan və Çexiya parlamentlərinin sədrləri, ATƏT-in baş katibi, ABŞ-ın ticarət naziri, NATO, Avropa Birliyi və BMT-nin xüsusi nümayəndələri yer alıb.
Prezident seçkilərinin nəticələri ilə razılaşmayan Gürcüstan müxalifəti isə bu gün Tiflis ippodromunda 5 yanvar seçkilərinin nəticələrinin tanınmaması tələbi ilə dinc mitinq keçirəcək. Bu barədə müxalifətin Milli Şurasının lideri, prezidentliyə keçmiş namizəd Levan Qaçeçiladze məlumat verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR